SMS icazənin müddəti 3 saat oldu


09:20     20 İyul 2020 telefon.jpg

Bu gündən etibarən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qeyd edək ki, vətəndaşlar mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməklə icazə əldə edəcəklər.

İcazələrin məqsədinə dair 2 kodla müraciət etmək mümkündür:

1 nömrəli kod təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır. İcazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir. Müalicə prosedurunun müddəti uzanarsa geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir.

2 nömrəli kod ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün nəzərdə tutulub. İcazə 3 saat müddətinə gündə 1 dəfə verilir.

Yaxın qohumun dəfnində iştirak üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 qaynar xətti ilə əlaqə saxlamalıdırlar.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər.

Daxili İşlər Nazirliyinin əməkdaşlarının yoxlamaları zamanı müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Vətəndaşlar SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan suallarla əlaqədar “ASAN xidmət”in 9108 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Xatırladaq ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 591