Abonentlərin diqqətinə!-“Azəriqaz” qaz limiti ilə bağlı açıqlama yaydı


21:38     20 İyul 2020 20_07_20_1595263158.jpg

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyun aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.

İstehsalat Birliyindən verilən məlumata görə, iyul ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 284 min 980 abonentin cəmi 6,96 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə cəmi 158 949 abonent deməkdir. Onlar hər kubmetrə görə 20 qəpik ödəyiblər. Qalan 2 milyon 126 min 031 (93,04 %) abonent isə qazdan illik limit daxilində, yəni hər kubmetrinə 10 qəpik ödəməklə istifadə edib.

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı bir neçə aydır ki, xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət ərzində karantin dövrünün qaydalarına əməl etməklə əksər qaz istehlakçıları evdə olub. Bəzi hallarda (mart və aprel ayları) havaların soyuq keçdiyi günlərdə qazdan istifadənin artmasına baxmayaraq 2200 kubmetrlik güzəştli limit həcminin keçilməsi çox müşahidə edilməyib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu güzəştdən (aşağı tariflə qaz istehlakından) 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanmaqdadır. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.

Açar sözlər:

Oxunub: 705