Ədliyyə Nazirliyində jurnalistlərlə onlayn görüş keçirilib


21:14     21 İyul 2020 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg


2020-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının 145 illiyi tamam olur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu münasibətlə cari ilin iyunun 30-da imzalanmış Sərəncamla xüsusi karantin rejiminə riayət etməklə yubiley tədbirləri keçirilir.

Femida.az-ın məlumatına görə, Ədliyyə Nazirliyi fəaliyyətində hər zaman aşkarlığa və şəffaflığa, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verir. Nazirliyin 11 internet saytı, 5 dövrü nəşri, sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir.

Son illər nazirliyin KİV-lərlə əməkdaşlığı intensivləşib, mətbuat nümayəndələri ilə mütəmadi görüşlər, o cümlədən ədliyyə və məhkəmə fəaliyyətinə dair brifinqlər, mətbuat konfransları, ictimai təqdimatlar keçirilir. Pandemiya dövründə də vətəndaşların ədliyyəyə əlçatanlığının təmin edilməsi ilə bağlı görülən ardıcıl tədbirlərin işıqlandırılmasında KİV-lərin imkanlarından geniş istifadə olunur.

Eyni zamanda, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən məhkəmə hakimiyyətinə ictimai etimadın gücləndirilməsi, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, geniş ictimaiyyətin məlumatlandırılması üzrə işlər davam etdirilir. Bu müstəvidə kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqələr genişləndirilib, Məhkəmə-Hüquq Şurasının qərarı ilə məhkəmələrdə media ilə işləyəcək spiker-hakimlər ayrılıb, eləcə də Şuranın özündə məsul şəxs müəyyən edilib, onların siyahısı Şuranın saytında yerləşdirilib. Çoxsaylı KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə görüş təşkil olunaraq spiker-hakimlər KİV təmsilçilərinə təqdim olunub, habelə hakimlər və jurnalistlər üçün təlim və seminarlar təşkil edilib.



Azərbaycan milli mətbuatının yubileyi münasibətilə Ədliyyə Nazirliyində KİV-lərlə videokonfrans formatında onlayn görüş keçirilib. Tədbirdə nazirliyin və Azərbaycan Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, spiker-hakimlər və çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Onlayn görüşdə Azərbaycan milli mətbuatının zəngin tarixi yolundan bəhs olunub, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra söz və məlumat azadlığının təmin edilməsinə, demokratik, azad mətbuatın formalaşmasına xüsusi diqqət və qayğı göstərildiyi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanların yaradıldığı, onların inkişafına hərtərəfli dəstək göstərildiyi vurğulanıb.

Bildirilib ki, respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərin və yeniliklərin dolğun, obyektiv və operativ işıqlandırılmasında, ictimaiyyətin mütəmadi məlumatlandırılmasında KİV-lər mühüm rol oynayır. İndiki pandemiya şəraitində mətbuat nümayəndələri də digər peşə sahibləri kimi yorulmadan fəaliyyət göstərirlər.

Həmçinin bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin önəmli fəaliyyəti qeyd olunaraq, sosial şəbəkələrdə aparılan informasiya müharibələrində paylaşımlar edərkən, informasiyalar yayarkən ölkəmizin mövqeyinin müdafiə olunması ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti diqqətə çatdırılıb.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Konstitusiya araşdırmaları" Fondunun prezidenti, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev və digər çıxış edənlər ölkəmizdə mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb, Ədliyyə Nazirliyinin kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndiriblər.

Tədbir iştirakçıları Azərbaycan milli mətbuatının yubileyi münasibətilə media nümayəndələrini təbrik edib, onlara uğurlu fəaliyyət arzulayıblar.

22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir çərçivəsində həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda jurnalist araşdırmaları müsabiqəsinin nəticələri elan olunub və qaliblər mükafatlandırılıb. Eyni zamanda bir qrup jurnalistlər ədliyyə və məhkəmə fəaliyyətinin işıqlandırılmasında fəal iştirakına və səmərəli əməkdaşlığa görə nazirlik tərəfindən təltif olunublar.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #jurnalist   #görüş  

Oxunub: 2576