Ermənilərin Tovuza atdığı partlayıcı sursatlar zərərsizləşdirilir


14:52     23 İyul 2020 anama.jpg

“Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Tovuz rayonun Dondar Quşçu, Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərində təmizləmə işləri aparır. Yerli əhali ilə gündəlik olaraq əlaqə saxlanılır”.

Bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə daxil olan müraciətlər qeydə alınır və dərhal ərazilər yoxlanılır:

“Tovuzun Dondar Quşçu kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış iki ədəd partlamamış 122mm-lik top mərmisi aşkarlanıb.122mm-lik top mərmisinin içində 4 kq 100 qrama qədər partlayıcı maddə olub. Hərbi sursat ANAMA-nın mütəxəsisləri tərəfindən zərərsizləşdirilib. Hərbi sursatlardan biri yaşayış məntəqəsinə düşmüşdü. Həmin sursat agentliyin mütəxəsisləri tərəfindən zərərsizləşdirilərək ərazidən uzaqlaşdırılıb və məhv edilib. Eyni zamanda, Tovuz rayonun Yuxarı Öysüzlü kəndində isə 100mm top mərmisi aşkarlanıb. Həmin mərmilərin partladıcısı üzərində olmasına baxmayaraq işə düşməyib”.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisindəki atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin bölmələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutublar. Hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olub, yaralananlar var. Ermənistanın təxribatı nəticəsində mülki əhaliyə xeyli sayda ziyan dəyib. Hazırda mülki əhaliyə dəyən ziyanın məbləği müəyyənləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 648