"Yarımçıq qalan arzular..." - Şəhid baş leytenantın evindən REPORTAJ (FOTOLAR)


17:20     23 İyul 2020 2020/07/s1_1595510271.jpg


Bura Biləsuvarın Aşağı Cürəli kəndidir. 12 iyulda Tovuzda erməni təxribatının qarşısını alarkən şəhid olan baş leytenant Rəşad Mahmudovun evidir. Rəşad kənddə özünə ev tikirdi. Tamamlanmasına lap az qalmışdı, evlənəcəkdi. Amma bu ev yarımçıq qaldı. Yarımçıq qalan arzular kimi, yarımçıq qalan həyat kimi...


Rəşadın doğulub, böyüdüyü evə baş çəkmək, eləcə də, yeddi mərasimində iştirak etmək üçün səhər saatlarında Biləsuvarın Aşağı Cürəli kəndinə yol alırıq. Kəndin girişindən etibarən kəndə insan axını olduğu hiss olunmağa başlayır. Az sonra Rəşadın doğulub böyüdüyü baba evinə çatırıq. Ölkənin hər yerindən gələn vətənpərvər insanlar, rayon gəncləri, onu tanımayan onlarla insan var.

Mərasim davam etdiyi üçün ailə üzvləri, ya da yeganə ailə üzvü – anası ilə söhbətləşmək mümkün olmur. Müsahibə üçün günortadan sonranı və camaatın dağılışmasını gözləyirik. Təssüüf ki, Rəşadın anası Sevda xanım danışacaq halda olmadığından onunla söhbətləşmək mümkün olmur. Rəşadın dayıları həyatdakı yeganə övladını, dayağını itirən ananın üzüntülü olduğunu və özünü yaxşı hiss etmədiyini deyirlər.



Şəhid haqqındakı xatirələri ancaq dayısı Hüseynov Fərhadın dilindən eşidə bilirik:

“Rəşad gil iki qardaş olublar. 4 yaşı olanda atası itkin düşüb. O vaxtdan bu günə kimi mənim himayəmdə yaşayırlar. Rəşad şəhid olduğu ayda – 1992-ci ilin iyulun 2-də doğulmuşdu. Orta məktəbi də elə bu kənddə oxuyub. Məktəb vaxtından arzusu hərbçi olmaq idi. Həmişə mənə deyirdi ki, dayı mən hərbçi olacam. Orta məktəbdə oxuyarkən əvvəlcə C.Naxçıvanski adına hərbi liseyə, daha sonra Ali Hərbi Məktəbə qəbul olundu. Məzun olduqdan sonra təyinatı döyüş bölgəsinə verildi. Uzun müddət Tovuzda N saylı hərbi hissədə xidmət etdi. Əvvəllər ən azı ildə bir dəfə kəndə gələr, anasına baş çəkərdi. Amma son ilyarımda heç vaxt gəlməmişdi, gələ bilməmişdi. Anası ilə telefonda danışır, “ana, narahat olma, gələcəm” deyirdi”.



Dayısı bildirir ki, Rəşad çox peşəkar topçu idi. Artilerriya bölməsində xidmət edib, minaatan batareyanın komandiri olub:

"Rəşad üçün hərbi xidmət demək, vətən demək onun şərəfi demək idi. İşinə çox bağlı insan idi. O vətənimiz uğrunda, torpaqlarımızın azadlığı uğrunda erməni işğalçıları döyüşərək şəhid oldu. Amma bunu xüsusilə qeyd etmənizi istərdim ki, Rəşad qəhrəmancasına şəhid olub, vuruşaraq şəhid olub. O, erməniləri böyük itkiyə məruz qoyaraq şəhid olub. Yanında xidmət edən cəbhə yoldaşlarının sözlərinə görə, Rəşad ermənilərin dayaq məntəqəsini darmadağın edib".



Dayısı qeyd edir ki, son ilyarım ərzində Rəşadla telefonda da çox danışa bilmirmişlər. Bu da iş qrafikinin sıxlığı ilə əlaqadar olub. Çünki bir müddət xidməti yerini Ağsatafaya dəyişiblər. Amma sonra öz istəyi ilə yenidən ön cəbhəyə Tovuzdakı N saylı hərbi hissəyə qayıdıb.

“Sonuncu dəfə Rəşadla nə vaxt danışmışdız?” - deyə soruşuram. Bir anlıq sükut çökür və dayısı qəhərlənir. Daha sonra qısıq səslə, “Şəhid olmazdan 10 gün əvvəl... Ad günü idi, onda danışıb təbrik etmişdik” deyir.



“Axrıncı danışığımız 2 iyulda olmuşdu. Həm anası ilə, həm mənimlə danışdı. Həmişəki kimi hal əhval tutduq. Ad gününü təbrik etdik. Bu da onun səsini sonuncu dəfə eşitdiyimiz an oldu”.

Baş leytenant Mahmudov xaraktercə mülayim, sadəlövh insan olub. Sakit təbiətli bir gənc olub:

“Vətənpərvər idi, amma bunu heç vaxt çılğın formada göstərməz, vətənə, ailəsinə olan sevgisini qəlbən yaşayardı. Şəhid olduqdan sonra Rəşadın ailəsi ilə bağlı mətbuatda bəzi yanlış informasiyalar yer alıb. Sizin vasitənizlə həmin yanlış məlumatlara düzəliş edilməsini istərdim. Anası da bu təhrifin düzəldilməsini istəyir. Bəzi media qurumlarında yazıldığı kimi Rəşad gil ailədə 3 uşaq olmayıblar. Onların bacısı olmayıb. Rəşadın özündən böyük bir qardaşı olub. 8 il əvvəl bədbəxt hadisə nəticəsində qardaşı da dünyasını dəyişib.



"Allah ölkəmizə kömək olsun. Rəşadın cənazəsi rayona gətiriləndə yaşanan izdihamı görəndə qürurlanmamaq əldə deyildi".

Yavaş-yavaş müsahibəni yekunlaşdırır və Rəşadın yarımçıq qalmış arzusuna – yarımçıq qalmış evinə doğru yön alırıq. Baba evinin arxasındakı bu tamamlanmamış ev sanki böyük bir qəhrəmanlıq hekayəsinin əyani ifadəsidir. Evin önündən Azərbaycan bayrağı asılıb. Bayraq dayanmadan dalğalanır və sanki Rəşadın ruhunun daimi burada dolaşdığını işarə edir.



Atasız böyüyən Rəşad həyata erkən yaşda tutunmağı və öz halal zəhməti ilə ayaqda durmağı öyrənib. Bu evi də illərdir öz halal zəhməti ilə tikdirib. Tamamlanmasına lap az qalmışdı. Təəssüf ki, bu ev yarımçıq qaldı. Yarımçıq qalan ömür kimi...

Beləcə qəribə hisslər içində kənddən çıxmamış sonuncu dəfə Rəşadın məzarını ziyarətə yollanırıq. Bir tərəfdən üzüntü, bir tərəfdən qürur hissi gəlir insana. Aşağı Cürəli kəndinin qəbristanlığı yol kənarındadır və oradan keçərkən Rəşadın məzarı aydın görünür. Artıq bu yoldan keçən hər kəs Rəşadın cəbhədə necə bir qəhrəmanlıq tarixçəsi gerçəkləşdirdiyini biləcək.

Biləsuvar Aşağı Cürəli kəndindəki reportajımız yekunlaşır. Rəşad ailəsinə bir daha başsağlığı veririk. Ruhun şad olsun, yoldaş baş leytenant!!!









Qeyd: Çəkilişdə göstərdiyi köməyə görə rayon ağsaqqallarından Mirsultanov Mirhənifə Mirsultan oğluna təşəkkür edirik.


Amin Nəzərli
Biləsuvar, Aşağı Cürəli kəndi

Femida.az

Açar sözlər: #şəhid   #Biləsuvar   #ordu   #hərbi   #başleytenant   #MüdafiəNazirliyi   #erməni   #Tovuz   #reportaj   #femida  

Oxunub: 3654