AzVision-8: "Vətənşüvənlik" və vətənləçərlik


23:15     29 İyul 2020 20_07_29_1596050164.jpg

Real TV-də efirə gedən “AzVision” proqramının səkkizinci buraxılışını təqdim edirik. Çərşənbə günləri efirə gedən verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.

Önəmli sualların qoyulduğu və vacib cavabların verildiyi günlər yaşayırıq. O suallardan biri budur: azərbaycanlı-erməni savaşında cəbhə xətti haradan keçir?! Fikir verin ki, mən “Azərbaycan-Ermənistan savaşı” demədim. Onun cəbhə xəttinin haradan keçdiyini aydındır və görmək üçün sadəcə, xəritəyə baxmaq kifayətdir. Azərbaycanlı-Erməni savaşı isə çox elastik cəbhə xəttinə maikdir. O xətt elə bu anda sizin cibinizdən də keçə bilər - əgər telefonunuz cibinizdədirsə.

Məsələ ondadır ki, bəziləri bizə bu cəbhə xəttini səhv göstərməyə çalışırlar. Onlar istəyirlər ki, həmin cəbhə xətti bizim öz aramızdan, daxilimizdən keçsin. Nifrətimiz bir-birimizə və dövlətimizə qarşı yönəlsin. Biz erməniləri yox, öz hökumətimizi, polisimizi, jurnalistlərimizi, diplomatlarımızı düşmən kimi görək.



Əlbəttə, heç kim demir ki, cəbhənin o tərəfində erməni var deyə, bu tərəfdə müxaliflik eləmək olmaz. Sağlam cəmiyyətdə mütləq müxalif fikir də olmalıdır. Buna görə Azərbaycan hökuməti də normal, sivil müxalifətlə dialoq qurur, fikirlərini dinləyir. Amma müxalifliyin də bir norması, qayda-qanunu var. Bu gün Sevinc Osmanqızının, Əli Kərimlinin etdiyi müxaliflik deyil.

Qrimlənmiş məkr

Sevinc Osmanqızının Azərbaycan diasporunun Qarabağ aksiyaları ilə bağlı dediyi fikirlər yəqin, artıq hamıya tanışdır və eşitməyən qalmayıb. Biz onu təkrarlamağa ehtiyac görmədyimiz üçün sonrakı mərhələsini izləyəcək və təhlil edəcəyik. Guya dediyi sözlərə aydınlıq gətirmək üçün çəkdiyi cavab videosunda Sevinc Osmanqızı iki tezisin arxasında gizlənərək, müdafiə olunmağa çalışdı: 1) Onun dedikləri montaj olunub və fikirləri kontekstdən çıxarılıb. Bu halda ən yaxşısı montaj edilməmiş və kontekstdən çıxarılmamış fikri ilkin mənasında nümayiş etdirmək olardı. Amma Sevinc Osmanqızı bunu etmək əvəzinə, başqa bir ideolji tezislə müdafiə olunmağa başladı. Bu tezis əvvəlkilərdən də məkrili, hiyləgər və çoxqatlı idi. İndi eşidəcəyiniz sözlər əsla montaj olunmayıb və heç bir kontekstdən çıxarılmayıb.

Bəli, o, iddia edirdi ki, Azərbaycan diasporunun bütün dünyada “Qarabağ” deyərək, meydanlara çıxan üzvləri özləri də fərqində olmadan, 1988-ci ildə Sumqayıt hadisələrini törədənlərin etdikləri səhvi təkrarlayırlar və kimsə bunu deyib, onları vaxtında ayıltmalıdır. Həmin “kimsə” də ki, antidövlət radikallığının Tereza Anası Sevinc Osmanqızıdır.

Bu, dəhşətli tezisdir. Niyəsini az sonra tam şəkildə izah edəcəyik. Amma əvvəlcə digər maraqlı məqama fikir verək ki, eyni fikri xaricdən idarə olunan başqa bir jurnalist Xədicə İsmayıl da yazmışdı. Buradan da aydın olur ki, həmin məkrli tezis onların öz fikri və təşəbbüsü deyil, haradasa hazırlanaraq, ötürülüb, ona görə də ideoloji təxribat bülbüllərindən biri okeanın o tayında, biri bu tayında onu təkrarlayır.
Əslində bu fikir o qədər məkirlidir ki, Sevinc Osmanqızının öncə dediyi vətənşüvənlik-filan kimi sözlər onun yanında məsum uşaq qığıltısı kimi görünür. Bu, ikiqat dibi olan riyakar bir ideoloji zondaj cəhdidir. Nədir bu tezisi belə qorxulu və dəhşətli edən? Gəlin, xırdalayaq.

Məntiqi-psixoloji tələ

Beləliklə, ölkənin ideoloji düşmənləri iddia edirlər ki, bu gün dünya azərbaycanlılarının meydanılara çıxması 1988-ci ildə Sumqayıtda baş verən erməni talanlarına anoloji hadisədir və vaxtında qarşısı alınmalıdır.

Birincisi, burada məntiqi-psixoloji tələ var. İkiqat əksolunma effektindən istifadə edilir. Xronoloji məntiqlə düşündüyümüzdən, bizə elə gəlir ki, onlar bugünkü proseləri 32 il əvvəlin hadisələrilə müqayisə edirlər. Əslində, bu, işin 50 faizidir. Eyni zamanda, belə paralel aparılmaqla beyinlərə yeridilir ki, 1988-ci ilin Sumqayıt talanlarını törədənlər azərbaycanlılar olublar.

Halbuki, bu, məhz ermənilərin bütün dünyaya sırımaq istədiyi versiyadır. O hadisələri törədənlərin azərbaycanlı olmaqdıqları, başlarında Qriqoryan adlı erməninin durduğu, onun dəstəsinə kimlərin daxil olması, KQB-nin bu prosesləri necə və niyə təşkil etməsi geniş araşdırılıb. Bu haqda kitablar yazılıb, sənədli filmlər çəkilib; həmin filmlərdən biri bugünlərdə Real TV-də yenidən nümayiş olundu. Bu reallığı dünyaya yaymaq və Sumqayıt talanları kartını erməni təbliğat maşınının əlindən almaq üçün Azərbaycan hökuməti xeyli işlər görüb. İndi isə Xədicə İsmayıl və Sevinc Osmanqızı xaincəsinə, özlərinə xas tülkülüklə, açıq hiss etdirmədən, başqa, daha gurultulu mövzunun yarpağına bükərək, bu ideyanı bu şəkildə ictimai şüura yeritmək istəyirlər ki, 88-ci ilin Sumqayıt hadisələrini törədən azərbaycanlılar bu dəfə də dünyada həmin səhvi təkrarlamaq üzrədirlər.

Bu, işin ancaq bir tərəfədir – keçmişlə bağlı olan hissəsi. İkinci tərəfinə gəlincə, 1988-ci ildə Sumqayıtda nə baş vermişdi? Xüsusi öyrədilmiş adamların əli ilə ermənilərə hücumlar və talanlar. Bu gün baş verənləri 32 il əvvəlki proseslərlə müqayisə etməklə ideoloji diversantlar onu qabardırlar ki, guya indi də başqa ölkələrdə ermənilərə qarşı xüsusi öyrədilmiş adamların əli ilə hücumlar və talanlar həyata keçirilir və bununla biz 88-ci ildə Sumqayıtda etdiyimizi təkrarlayırıq; beləliklə, xalqa ikiqat böhtan atılır: həm tarixi planda, həm də cari proseslərlə bağlı. Bu, ideoloji müharibənin getdiyi bir bir vaxtda öz ordunun silah anbarlarını partlatmaq kimi bir hadisədir.

Nə iləsə müqayisə edəsi olsaq, bunların etdiyi təxminən ona oxşayardı ki, ermənilərin də arasından iki jurnalıist çıxıb, belə desin: “Bizim bu gün müxtəlif ölkələrdə azərbaycanlılara etdiyimiz hücumlar 1992-ci ildə Xocalıda törətdiyimiz cinayəti təkrarlamaq deməkdir. Bunu eləməyək”. Amma hansısa ermənidən belə bir çağırış eşitdinizmi? Əlbəttə, onların da arasında satqınlar var, amma Sevinc Osmanqızı ilə Xədicə İsmayıl milli və dövlət maraqlarını satmaq işində o qədər yüksək nailiyyətlər qazanıblar ki, çətin, başqa xalqların hətta ən yaramaz nümayəndələri belə, o xəttdən adlamağı özünə rəva bilsin. Çünki hətta yaramazın da hansısa qırmızı xətti olur. Bunlardan fərqli olaraq.

Siyasi cığallıq

Demək olar ki, bütün dünya azərbaycanlıları Sevinc Osmanqızını lənətləyərkən, ancaq dar bir qrup onu müdafiə etdi. Bu da əsasən Milli Şura və orada toplaşanlar idilər. Əli Kərimlinin feysbuk səhifəsi bugünlərdə Sevicn Osmanqızına qahmar çıxanların görüş yerinə çevrilib. Ümumiyyətlə, son vaxtlar Əli Kərimlinin gördüyü də bir iş deyil. Adam həm guya blokadada olduğunu göstərmək, həm də bəd ayaqda, nəyinsə zibili çıxsa, yaxasını qırağa çəkə bilmək üçün öz səhifəsində “admin heyəti” adı ilə paylaşımlar edir. Bu çıxışların əksəriyyətində belə bir patetika var ki, Sevinc Osmanqızını, ümumiyyətlə, ölkəmizə qarşı xainliyi, satqınlığı qınamaq yerinə, gəlin, hakimiyyətin filan-filan hərəkətlərini ittiham edək.

Məsələn, onların məntiqinə görə, hakimiyyət haçansa Bakıya erməni idmançıların gəlməsinə imkan yaradıbsa, deməli, biz bu gün Osmanqızına heç nə deyə bilmərik.
Sosial şəbəkədə qaragüruhla çəkişən hər kəs bilir ki, bu, onların ən sevimli fəndlərindən biridir. Məsələn, sən deyirsən ki, niyə Azərbaycan müxalifəti xaricdən gələn pulun gerçək məbləği və hansı məqsədlə alınıb, hara xərclənməsi haqqında heç bir hesabat vermir? Onlar cavabında deyirlər: Bəs filan məmurun villasının hansı pulla tikildiyini niyə soruşmursan?

Bu, adi məntiq hoqqabazlığıdır. Əgər hansısa məmur hansısa şübhəli pulla villa alıbsa, bu, o demək deyil ki, biz xaricdən müxalifətə ötürülən pulun hesabını soruşmamalıyıq. Bunlar tamam ayrı-ayrı mövzulardır. Və birini müzakirə edəndə o birini ortaya dürtməyin heç bir yeri yoxdur. Məqamı çatanda məmurlardan da hesab sorulur. Müxaliflərin etdiyi isə məşhur “12 stul” əsərində keşiş Fyodrun “Sam durak” qışqırması kimi bir şeydir.

Eyni qaydada, əgər kimsə 190 manat sosial yardımını ala bilməyibsə, bu, o demək deyil ki, biz Sevinc Osmanqızıdan niyə ölkənin ideoloji maraqlarını bu cür vicdansızlıqla satmasının hesabını sora bilmərik. Tamam ayrı-ayrı mövzulardır. Birindən biz danışarıq, o birindən başqası danışar, amma heç bir halda bu mövzuların birindən danışmaq o birindən danışmağın şərti olmamalıdır, ola da bilməz.

Milli Şuranın poeziyası

Azərbaycanda müxalifətin problemləri çoxdur, amma mənə görə, bu problemlərin ən böyüyü marginallıqdır. Əslində, siyasi müxaliflik yüksək intellekt, dünyagörüşü, savad və mədəniyyət tələb edən bir fəaliyyət növüdür. Amma azərbaycanda dini və siyasi radikallıq bütün növ marginalları maqnit kimi özünə cəlb edir. Onlar əl-ələ tutub, qoşa addımlayan sevgililər kimidirlər. Məhz buna görə Milli Məclisin binasına eyni anda iki dəstə soxulmuşdu: siyasi radikallar və dini radikallar. Azərbaycanda ekstremizm bu iki formada eyni vaxtda təzahür edir. Siyasi radikallığın mərkəzi Milli Şura və onun üzvlərinin sosial şəbəkə arealıdır. Bu arealda marginallıq o qədər güclüdür ki, hətta poeziyanı belə, marginallaşdıra bilirlər.

Bəli, bəli, poeziyanı. Həmin çevrənin Mübariz Məsimoğlu adlı bir şairləri var. Adını google-da axtarışa yazanda haqqında çox maraqlı xəbərlər çıxır. Bu həftə Əli Kərimli “məşhur şair” adı ilə onun bir statusunu paylaşmışdı. Mən poeziya həvəskarı olduğumdan, bu şair söhbəti marağımı çəkdi və onun şeirlərini axtarmağa başladım. Bəzilərini tapdım. Məsələn, adam koronavirousa şeir həsr edibmiş. Həmin incə ruhlu poeziya nümunəsində virusa müraciətlə - bəli, məhz virusa xitabən deyilir:

Mənim ədalətli, taclı virusum,
Sağ ol, minnətdaram ürəkdən sənə!
Neçə yaramazın, neçə alçağın,
Dilini qoymusan dinc yerlərinə!

Sən artıq məmimçün sual deyilsən,
Cavabsız suala cavabsan, cavab!
Sən bu namərdləri silkələdikcə,
Savab qazanırsan dünyada savab!

Fikir verin, adam koronavirusun savab qazandığını deyir a!..
Şeirin sonu isə belə qurtarır:

Belə davam elə, əzizim virus,
Ancaq bu sifətdə biz səni görək!
Bizim hayfımızı qoyma bunlarda,
Qisas qiyamətə qalmasın gərək!

Poeziyası belə olan çevrənin siyasi zehniyyəti necə olmalıdır ki?! Ona görə də, biz Sabirin dediyi kimi, istiqbalımızın lağlağı olmasını istəmiriksə, Azərbaycanı bu lağlağı siyasətdən, lağlağı müxaliflikdən, lağlağı təfəkkürdən təmizləməliyik. Hərçənd, bunlar təkcə lağlağı olsalar, dərd yarı idi; bunlara “lağlağı” deyib, qeyri-ciddi yanaşmaq da olmaz, çünki ciddi təhlükədirlər.

Biz müxalif fikrə qarşı deyilik, biz bu formaca lağlağı, mahiyyətcə dövləti mərdüməzarlıq olan marginal siyasi təfəkkürə qarşıyıq. Və gec-tez biz ona qalib gələcəyik, çünki başqa yol yoxdur. Başqa yol ölkənin həmin bu “Belə davam eylə, əzizim virus” kimi siyasi poeziya nümunəsi ortaya çıxaran zehniyyətə təslim edilməsi olardı ki, bu da heç vaxt olmayacaq. Bizim xalq olaraq bu marginal-radikal siyasi təfəkkürə və onların daşıyıcılarına deyəcəyimiz ancaq bir söz var: No Pasaran!

Femida.az

Açar sözlər: #AzVision   #Real-TV  

Oxunub: 2460