Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı


21:22     30 İyul 2020 2020/03/1584391213_5e6f4b6a0b9e4_korona_isti_1584866256.jpg

"Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək".

Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi:

"Ola bilər ki, adi rejim üçün bu, kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Bizim planımız bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da. Orada hazırda 360 xəstə yerləşib. Bildiyiniz kimi, bu klinikanın fəaliyyəti mərhələli şəkildə təşkil edilir.

İndi baxın, əgər bu klinika yaradılmasaydı, əgər bundan başqa 41 xəstəxana, - hansı ki, indi koronavirus xəstələrinə xidmət göstərir, - tikilməsəydi, bu gün biz çox ağır bir vəziyyətlə üz-üzə qalardıq. Bu, bir daha onu göstərir ki, biz gərək hər şeyi vaxtında edək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsi olan yeni xəstəxanaların tikintisi və köhnə xəstəxanaların əsaslı təmiri proqramı demək olar ki, tam təmin edilib. Hətta pandemiyaya qədər bunun böyük faydası haqqında insanlar da artıq öz fikirlərini bildirirdilər. Çünki biz pandemiyaya qədər hər il kütləvi surətdə müayinədənkeçmə proqramı icra edirdik. Bu proqram 5 milyon insanı əhatə edir. Beş milyon insan dövlət tərəfindən yaradılmış imkanlar hesabına öz sağlamlığını müəyyən edir və xəstəliklər üzə çıxdıqda dərhal müalicə alır. Məhz bunun nəticəsində bizdə insanların ömrünün uzunluğu artır. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatlar da keçirilir.

Bir sözlə, biz qısa müddət ərzində bütün imkanlarımızı səfərbər edib COVID-lə mübarizə sahəsində daha hazırlıqlı olduğumuzu nümayiş etdiririk. Heç bir ölkə buna hazır deyil, heç bir ölkə. Xüsusilə pandemiyanın ilk günlərində inkişaf etmiş ölkələrdəki vəziyyət bizim və dünyanın gözü qarşısında cərəyan edirdi. Ən inkişaf etmiş ölkələr bu xəstəliklə bağlı lazımi tibbi xidməti göstərə bilmirdilər. Bu da yəqin ki, təbiidir. Çünki heç kim buna hazır deyildi".

Açar sözlər:

Oxunub: 587