Borclunun ölkədən çıxışına qadağa – insan hüquqları pozulurmu?


17:01     09 Dekabr 2015 borclu.jpg

Hüquqşünas: “Hər hansı bir şəxsin ölkədən çıxışına qadağa qoyulması yalnız məhkəmə qərarı ilə baş tuta bilər”.


Bir müddət əvvəl xəbər verdiyimiz kimi, 4 mindən çox borclunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun məqaləsində məlumat vermişdi. Bununla da borcu olan 4 mindən artıq şəxsin ölkədən kənara çıxmasına qadağa qoyulurdu. Bununla əslində insanların sərbəst şəkildə hərəkət etmək azadlığı məhdudlaşdırılır.

Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində qeyd edilir: Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

Bəs görəsən, bu hal insan hüquqlarının pozulması faktıdır, yoxsa qanunvericilik belə tələb edir?

Tətbiq olunacaq yeni qaydaları Femida.az-a şərh edən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, bu hal əslində normal qəbul olunmalıdır:



“Düşünürəm ki, bu hal anlayışla qarşılanmalıdır. Nəzərə almaq lazımdır ki, istənilən hüquq və azadlıq nisbi xarakter daşıyır. Mütləq azadlıq yoxdur. Yəni bütün hüquq və azadlıqların müəyyən bir sərhədi var. Əgər vətəndaşın öz ölkəsində hansısa ciddi öhdəliyi varsa, onun ölkədən çıxışana məhdudiyyət qoyula bilər. Necə ki, hərbi xidmətə çağırış yaşına çatmış şəxslərin, hərbi qulluqçuların, dövlət sirri ilə bağlı məlumatlara sahib olan şəxslərin ölkədən çıxışı ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Lakin məhkəmənin qərarı olmadan borclu şəxsin ölkədən kənara çıxışına qadağa qoyula bilməz. Bunun üçün isə müvafiq icra orqanları məhkəməyə müraciət etməlidir. Yalnız məhkəmənin qərarı ilə borcu olan şəxsin ölkədən çıxışına qadağa qoyula bilər”.

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin fikrincə, yalnız məhkəmə qərarı ilə şəxsin ölkədən çıxışına məhdudiyyət qoyula bilər:



“Əvvəlcə qeyd edim ki, insan hüquq və azadlıqları yalnız qanunla müəyyən olunmuş qaydada məhdudlaşdırılıla bilər. Dediyiniz məsələ ilə bağlı mən hər hansı ziddiyyətli məqam görmürəm. Borclunun ölkədən çıxışına qadağalar mülki məcəlləyə əsasən tənzimlənir. Hər hansı bir şəxsin ölkədən çıxışına qadağa qoyulması isə yalnız məhkəmə qərarı ilə baş tuta bilər. Yəni heç bir icra orqanı şəxsin ölkədən çıxışına qadağa qoya bilməz. Tutaq ki, borclu şəxs öz səhhəti ilə bağlı mütləq ölkədən kənara çıxmalıdır. Bu halda məhkəmə qərar qəbul edərkən bu nüansı da nəzərə alır. Yəni bütün məsələlər məhkəmənin ixtiyarına verilib. Nəticə etibarilə, borculunun ölkədən kənara çıxışına qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətlə bağlı qərarı isə yalnız məhkəmələr qəbul edə bilər”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4700