10 yaşlı azərbaycanlı ABŞ-da Prezident Mükafatı aldı - FOTOLAR
13:44 01 Avqust 2020
ABŞ-da 10 yaşlı azərbaycanlı Maqsud Süleymanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə bu ölkənin Prezidentinin mükafatını alıb.
Maqsudun anası Nigar Pənahova deyib ki, Maqsud hələ Bakıda olarkən məktəbə getməyə başlayıb. Ailəsi ABŞ-a köçəndən sonra Maqsud qısa müddətdə ingilis dilini öyrənib və tezliklə öz məktəbinin ən yaxşı şagirdləri sırasına daxil olub.
Təhsildə xüsusi müvəffəqiyyətlərə görə Prezident Mükafatı əsası 1983-cü ildə qoyulmuş proqram çərçivəsində ABŞ Prezidentinin və təhsil nazirinin adından təqdim edilir. ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdləri bu mükafatı ABŞ Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında alırlar.
Maqsudun valideynləri Hikmət Süleymanlı və Nigar Pənahova daimi yaşayış yerinin seçiminə xüsusi diqqətlə yanaşıblar, çünki uşağın hansı dövlət məktəbinə getməsi məhz ailənin yaşayış yerindən asılıdır. Buna görə də, uşaqların yüksək keyfiyyətli təhsil almaları üçün onlar Orta Qərbin ən yaxşı məktəblərinin yerləşdiyi Sent Luis dairəsindəki Kleyton şəhərində məskunlaşdılar. Nigar xanımın sözlərinə görə, məhz burada Maqsud təhsildə böyük uğurlar qazanıb və gələcək nailiyyətləri üçün təməl yaradıb. Yaxın vaxtlarda Suleymanlılar ailəsi Pensilvaniyaya köçüb. Maqsud da Prezident mükafatını Pensilvaniyada, Herbert Quver adına ibtidai məktəbin dördüncü sinfində oxuyarkən alıb.
Ancaq Maqsud təkcə öz biliklərinin səviyyəsi və təhsildə qazandığı nailiyyətlərlə fərqlənmir. Valideynləri kimi, o da vətənpərvərdir. Maqsud və bacısı Tansu müntəzəm olaraq məktəbdə və məktəb hüdudlarından kənarda keçirilən beynəlxalq və mədəniyyətlərarası festivallarda iştirak edir, orada yaşıdlarına öz ölkəsi Azərbaycanın mədəniyyəti, onun tarixi və milli mətbəxi haqqında danışırlar.
Maqsud futbol oynamağı sevir, şahmatla məşğul olur və proqramlaşdırma ilə maraqlanır. O Bakıda yaşayarkən Vüqar Həşimov adına Şahmat Akademiyasında məşğul olurdu, ABŞ-da isə artıq bir neçə mükafat qazanıb. Maqsud gələcəkdə kosmonavt olmağı arzu edir. (AzərTAc)
Femida.az
Oxunub: 5525
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib