Elmar Məmmədyarov: “Qarabağ münaqişəsi həll olunacaq”


18:45     23 May 2015 cms-image-000008288.jpg

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsini nə olursa olsun, həll edəcək”.


Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, həlli mümkün olmayan münaqişə yoxdur.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda nikbinlik üçün əsaslar var: “Dağlıq Qarabağ münaqişəsi hazırkı vəziyyətdə qala bilməz. Problemin həlli üçün beynəlxalq hüquqi baza, eyni zamanda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bütün ölkələr BMT-nin tərkibinə daxil olarkən təşkilatın qətnamələrinə əməl edəcəyinə dair öhdəliklər götürür. Ermənistan isə bu öhdəliyi yerinə yetirmir.

Lakin Ermənistan rəhbərliyinə də sağlam düşüncəli insanlar gələcək və onlar başa düşəcəklər ki, qonşularla yaxşı münasibətlər ölkənin uğurunun təminatıdır. Ermənistanın indiki rəhbərliyinin uzaqgörən olmayan siyasətinin nəticəsidir ki, bu ölkə Cənubi Qafqazda həyata keçirilən bütün layihələrdən təcrid olunub. Əminliklə deyirəm ki, münaqişə yaxın gələcəkdə həll olunacaq”.

"Azərbaycanın niyyəti Avropa İttifaqı ilə münasibətləri qarşılıqlı ikitərəfli formatda qurmaqdır, belə də edir"- deyən nazir keçmiş sovet SSRİ ölkələrinin Avropa İttifaqı ilə münasibətlərindəki fərqə də toxunub:
“Bu ölkələr Avropa İttifaqı ilə müxtəlif əməkdaşlıq formatını seçib. Gürcüstan, Moldova və Ukrayna qərar verib ki, Avropa İttifaqı ilə assosiativ saziş çərçivəsində əməkdaşlıq etməlidirlər. Belarus və Ermənistan lokomotivi Rusiya olan Avrasiya İqtisadi İttifaqını seçib. Azərbaycan isə Avropa İttifaqı ilə münasibətlərinə ikitərəfli əlaqələr prizmasından baxır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqının bütün üzvləri ilə sıx münasibətləri var.

Avropa İttifaqı ilə tərəfdaşlıq haqqında yeni saziş layihəsini Riqada təşkilatın rəhbərliyinə təqdim etdim. Burda da söhbət bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdan gedir”.

Açar sözlər:

Oxunub: 846