Banklar əmanətçilərdən necə istifadə edir? BANK FIRILDAQLARI


19:02     23 May 2015 bank.jpg

Femida.az bu gün “ problemli kredit” mövzusunu araşdırıb.
Bu günlərdə əhalinin və bankların ortaq problemi olan problemli kredit məsələsi aktuallaşıb. Belə ki, 2015-ci il aprelin 1-nə problemli kreditlərin həcmi 1 milyard 213 milyon 321,7 min manata çatıb. Bu da ümumi kredit portfelinin 5,9%-ni təşkil edib.


Femida.az-ın suallarını Vəkillər Kollegiyasının üzvü Əkram Həsənov cavablandırıb:

“ Problemli kreditlərin 3 qrupu var. Birinci qrupa bank sahiblərinin özlərinin süni yaratdığı problemli borclar aiddir. Yəni dolayısı ilə özlərinə məxsus olan şirkətlərə verilmiş və qaytarılmayan kreditlərdir. Öz-özlərindən oğurlayırlar? Əlbəttə, yox. Bu, əmanətçilərin puludur. Onların hesabına bank sahibləri öz şirkətlərinə ucuz kredit verirlər. Bununla da həmçinin mənfəət vergisindən yayınırlar. Yəni ilin axırında bank ya heç mənfəətə çıxmır, ya da mənfəəti azaldır.

Vergi orqanına deyirlər ki, problemli kreditlərimiz çoxdur, ona görə də mənfəət azdır və ya heç yoxdur.

İkinci qrupa bankın idarəçilərinin və hətta işçilərinin “şapka” müqabilində verdikləri kreditlərdir. Lakin maraq təkcə “şapka”da deyil. Bu yolla həmin şəxslər o cümlədən özlərinin bankdakı iş yerlərini sığortalayırlar. Bank sahibləri onları qovmaqdan çəkinir, çünki əks halda sözügedən problemli kreditlər tamamilə batacaq. Nəhayət, üçüncü qrupa klassik problemli kreditlər aiddir. Yəni bilavasitə borc alanın özü ilə bağlı problem. Ola bilər ki, borc alan həqiqətən ağır vəziyyətə düşüb. Ola da bilər ki, borc alan bankı “atmaq” istəyir. Banklar bu 3 prosesin qarşısını almaq istədi. Necə? Əmanətlərin çıxarılmasının qarşısını almaq üçün qanunvericiliyə zidd olaraq açıq valyuta mövqeyi limiti ləğv edildi, sığortalanan əmanətlər üzrə faiz dərəcəsi 12%-ə çatdırıldı, “vergisiz” əmanət məhsulları işə salındı və s. Lakin zaman göstərdi ki, xeyri yoxdur, əhali artıq bank sisteminə etibar etmir. Xarici kreditorlar da həmçinin: nəinki yeni kreditlər vermir, əvvəlkiləri də geri tələb edirlər. Buna görə də bankların bir yolu qaldı. Nəyin bahasına olursa olsun, problemli kreditlərin həcminin artmasının qarşısını almaq. Buna görə də dollar kreditləri üzrə müddətlər uzadıldı, bəziləri hətta faiz dərəcələrini cüzi endirdi. Təki yeni problemli kreditlər yaranmasın, kreditlərin ödənişi davam etsin. Axı əvvəlki problemlər onsuz da pik həddə çatmışdı. Lakin borc alanların çoxu inad etdi ki, daha ciddi güzəştlər tətbiq edilsin. Tanınmış hüquqşünaslar, hətta hakimlər də bankların maraqlarına uyğun olmayan bəyanatlar verirdi. Hətta bankların əleyhinə azı bir məhkəmə qərarı da qəbul edildi. Bu şəraitdə borc alanları yola gətirmək xeyli çətinləşdi. Buna görə də banklar qərara aldı ki, məsələni pərakəndə şəkildə və çoxsaylı məhkəmələr vasitəsilə deyil, birlikdə və bir məhkəmə - Konstitusiya Məhkəməsi vasitəsilə birdəfəlik həll etsinlər (necə deyərlər, ucuz və keyfiyyətli!). Axı məhz bu Məhkəmənin qərarı qətidir. Həm də ki, bu halda bankların adı tez-tez mənfi müstəvidə hallanmayacaqdı və əmanətçiləri qorxutmayacaqdı. Sizcə vəziyyətdən çıxmaq üçün hansı tədbirlər görülməlidir? Dövlət ilk növbədə bank nəzarəti səlahiyyətini Mərkəzi Bankdan almalıdır. Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır. Bank nəzarətini isə xüsusi dövlət orqanı həyata keçirməlidir. Həmin orqan ilk növbədə banklar üzərində nəzarəti gücləndirməlidir. Xüsusilə bank sahiblərinə yaxın olan kreditləri üzə çıxarıb qaytartmalıdır. Banklarda baş verən əliəyriliklə mübarizə aparılmalıdır. Müəyyən mənada bu iş artıq aparılır: bir sıra yalançı sahibkar həbs olunub. Bankları əhali üçün daha şəffaf etmək lazımdır. Banklar özləri haqda daha çox məlumatı açıqlamalıdır.

Eyni zamanda, Mərkəzi Bank banklara ucuz kreditlər verməlidir. Nəticədə bankların da kredit faizi enməlidir. Amma kreditlərin verilməsi şərtləri sərtləşdirilməlidir ki, hər yoldan keçən kredit ala bilməsin. Daha sonra, vətəndaşların müflis elan edilməsi haqda qanun qəbul edilməlidir. Bu qanuna görə kreditini ödəyə bilməyənin borcu silinməlidir. Əvəzində həmin şəxs müəyyən dövr ərzində daha kredit ala bilməz. Bankların aldadıb xarici valyuta ilə verdiyi kreditlər etibarsız hesab edilməlidir. Bundan sonra qalacaq yalnız dələduz borc alanlar. Onlarla artıq Cinayət Məcəlləsi çərçivəsində mübarizə aparılmalıdır.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2074