1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətində - Fotolar


16:00     05 Avqust 2020 2020/08/7ab386b6-7388-4ad4-a3cf-372a4de3b963_1596628688.jpg


Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb.

Femida.az-ın məlumatına görə, "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilir.

Aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı çimərliklər müəyyənləşdirilib. Eyni zamanda xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb.

Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edir. Həmin məlumatlar cimerlik.az xüsusi internet səhifəsində əks etdirilir.

Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə bilərlər.

Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülür.

Fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib.

Femida.az

Açar sözlər: #ASAN   #könüllü   #çimərlik  

Oxunub: 8590