Sumqayıtda zavodda yanğın olub - Yaralılar var


13:38     07 Avqust 2020 20_08_07_1596793207.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

"Sumqayıt Etilen-Polietilen zavodunda baş vermiş alışma nəticəsində 7 nəfər xəsarət alıb".

Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib. Onun sözlərinə görə, 1 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Digər 6 nəfər Bakıya Yanıq Mərkəzinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır.

“Sumqayıt Etilen-Polietilen zavodunda alışma baş verib və bir neçə dəqiqədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Alışmanın səbəbləri hələlik bəlli deyil".

Bunu Azvision.az-a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ilkin ehtimala görə yanğın orada aparılan və yekunlaşmaq üzrə olan modernizasiya və tikinti işləri ilə əlaqədar olub.

"Hadisə istehsalat prosesi ilə bağlı deyil, çünki müəssisə dövrü təmir üçün 3 gündür dayanıb. Alışma nəticəsində bir neçə əməkdaş və modernizasiya layihəsində iştirak edən podratçılar xəsarət alıblar. Onların vəziyyəti orta ağır və ağır olaraq dəyərləndirilir. Müalicələri davam edir".

Femida.az

Açar sözlər: #Sumqayıt   #zavod   #yanğın   #FHN   #SOCAR  

Oxunub: 675