UFC qondarma rejimin “bayrağ”ı ilə rinqə çıxan idmançını cəzalandırdı


15:12     07 Avqust 2020 20_08_07_1596800019.jpg


Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

Femida.az

Açar sözlər: #erməni  

Oxunub: 7661