Hakimliyə namizədlər arasında yazılı imtahan keçirildi


15:45     07 Avqust 2020 2020/08/mehkeme_esas_1596800956.jpg

Dövlətimizin başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq, vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.


Hakimlərin Seçki Komitəsindən Femida.az-a bildirilib ki, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub.



İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.

Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.

Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.



Femida.az

Açar sözlər: #hakim   #məhkəmə   #qanun   #ədliyyə   #femida  

Oxunub: 8521