Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır


18:12     07 Avqust 2020 qaz1409897783.jpg

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhərinin, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin çəkilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətində işlərini davam etdirir.

“Azəriqaz”dan Femida.az-a verilən məlumata görə, bu işlərdən biri də Xəzər rayonunun Zirə qəsəbəsinin “Zirə bağları”, “Qara qışlaq” və “Dəniz kənarı” yaşayış massivlərinin qazlaşdırılmasıdır. Ümumilikdə 200 abonentin məskunlaşdığı yaşayış massivlərinin qazlaşdırılması üçün layihə üzrə ümumi uzunluğu 19 246 metr küçə qaz xətlərinin və ümumi uzunluğu 5300 metr daxili qaz xətlərinin çəkilməsi, eyni zamanda 200 ədəd qaz sayğacının və 1 ədəd ŞQTM-in (şkaf tipli qaz tənzimləyici məntəqə) quraşdırılması nəzərdə tutulur.

Məlumata görə, Bakı şəhəri üzrə 2019-cu ildə dövlət vəsaiti hesabına 6 yeni yaşayış massivi üzrə minə yaxın fərdi yaşayış evinə qaz çəkilib. 2020-ci ildə isə 31 yeni yaşayış massivi üzrə 6 minə yaxın fərdi yaşayış evinə qaz çəkilişlərinə başlanılıb. Bu yaşayış massivlərindən 19-da işlər tamamlanıb, 12-də isə qazlaşma prosesinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Ümumilikdə, 2019-2020-ci illərdə Bakı şəhərində qazlaşma işləri zamanı ümumi uzunluğu 500 km-ə yaxın yeni qaz xətləri çəkilib. Paylayıcı, daşıyıcı qaz xətlərinin çəkilişi, fərdi yaşayış evlərinə qaz sayğaclarının quraşdırılması və hər bir evin mətbəxindəki qaz sobasına qədər qaz xəttinin çəkilişi dövlət proqramları əsasında dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 794


Oxşar xəbərlər