15 yaşlı qızı hamilə qoyan 60 yaşlı müəllimin cəzası ilə bağlı dövlət ittihamçısı protest verdi


15:17     12 Avqust 2020 20_08_12_1597231836.jpg

Baş Prokurorluq Lerik rayonunda baş verən zorlama hadisəsi ilə bağlı məlumat yayıb.

Femida.az xəbər verir ki, rayonda 60 yaşlı müəllimin 15 yaşlı qızla cinsi əlaqədə olaraq onu hamilə qoyması ilə bağlı məlumat yayılmış və DİN faktı təsdiqləmişdi.

Həmin şəxsin məhkəmə tərəfindən 1 il azadlıqdan məhrum etmə ilə cəzalandırılması isə etirazlara səbəb olmuş, sosial şəbəkə istifadəçiləri cəzanın ağırlaşdırılmasını tələb etmişdilər.

Baş Prokurorluğun hadisə ilə bağlı açıqlamasını təqdim edirik:

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

Bildiririk ki, Şəfahət Məmmədovun Cinayət Məcəlləsininnin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamalanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib".



Femida.az

Açar sözlər: #başprokurorluq   #cəza  

Oxunub: 836