Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib


15:36     12 Avqust 2020 20_08_12_1597235815.jpg


Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.


Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ölkəmizdə özəl biznesə dövlət dəstəyinin göstərilməsi, sahibkarların güzəştli şərtlərlə kreditləşdirilməsi, iş adamlarının maarifləndirilməsi və onlara məsləhət xidmətlərinin göstərilməsi, habelə real sektora investisiya qoyuluşunun stimullaşdırılması istiqamətində fəaliyyət göstərir.

Fond hazırda bank sektoru ilə yanaşı, sahibkarlıq layihələrinin maliyyələşdirilməsi sahəsində də dövlət dəstəyinin göstərilməsində fəal iştirak edir. Bu sahədə aparılan islahatların davamı olaraq Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin və idarəetmə proseslərinin keyfiyyətinin yüksəldilməsi, Fondun menecmentinin müasir standartlara uzlaşdırılması, habelə sahibkarlığın maliyyələşdirilməsi sahəsində bank və özəl sektorla əlaqələndirmənin dərinləşdirilməsi nəzərdə tutulur.

Həyata keçirilən islahatların səmərəliliyini təmin etmək məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Kənan Nəcəfov Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olan Kənan Nəcəfov ABŞ-ın Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbində biznes inzibatçılığı, Amerikan Universitetinin Vaşinqton Hüquq Kollecində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələrini əldə edib. O, xarici ölkələrdə tanınmış beynəlxalq şirkətlərin menecmentində, o cümlədən “Baker Botts LLP” hüquq firmasında, “BP”, “Exane BNP Paribas”, “Citigroup” şirkətlərində işləyib, həmçinin, Dünya Bankının Azərbaycan nümayəndəliyində çalışıb, Azərbaycanda “Nobel Oil” şirkətində Baş icraçı direktorun müavini olub. Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilənədək sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Femida.az

Açar sözlər:

Oxunub: 732