Azərbaycan Asiya-Sakit okean İnformasiya Super Magistralı iclasına qatılıb


18:24     13 Avqust 2020 20_08_13_1597328949.jpg

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 4-cü sessiyası keçirilib.iclas


Bu barədə Femida.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan tərəfindən virtual tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov iştirak edib.

Tədbir çərçivəsində İdarəetmə Komitəsinin iclasına keçirilmiş seçkilərdə Azərbaycandan olan nümayəndə Şimali və Mərkəzi Asiya subregionundan komitə iclasına sədr müavini seçilib.

İclas zamanı dayanıqlı inkişaf erasında ASİSM layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı – TASİM) verə biləcəyi töhfəyə dair müzakirələr aparılıb.

Həmçinin regionda rəqəmsal fərqliliyin aradan qaldırılması, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (İCDS) regional icmalı, eləcə də ASİSM layihəsinin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2020-2022-ci illər üçün) yenilənməsi nəzərdən keçirilib.

Ölkələrin təqdimatı adlı sessiyada Azərbaycanda BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrasından, respublikamızın İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələrlə əlaqədar görülən işlər, əldə olunan nailiyyətlərdən danışılıb. Eyni zamanda, “Azərbaycan Respublikasında informasiya və telekommunikasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, ölkəmizin 31 iyul 1992-ci il tarixindən üzv olduğu UNESCAP iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır.

Femida.az

Açar sözlər: #NRYTN  

Oxunub: 1048