Şabrandakı yanğın söndürülüb


17:50     16 Avqust 2020 20_08_16_1597585898.jpg

Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın baş verib.

Femida.az -ın verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

Görülən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 5 hektar sahədə quru ot və kol-kos yanıb. Faktla bağlı araşdırma aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə ərazisində quru ot örtüyündə baş vermiş yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Dəvəçi meşəbəyliyinə keçib.

"Yanğının söndürülməsi üçün əraziyə nazirliyin əməkdaşları və FHN-nin yanğınsöndürmə dəstəsi cəlb edilib. Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində saat 16:00 radələrində yanğın söndürülüb. İlkin hesablamalara görə, meşə fonduna aid 5 hektar ərazidə quru ot örtüyü yanıb, ağaclara ziyan dəyməyib."

Nazirliyin sözçüsü belə yanğınların baş verməməsi üçün vətəndaşlara müraciət edərək bildirib ki, odla ehtiyatlı davransınlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etsinlər.

Açar sözlər:

Oxunub: 1369