13 kəndə qaz verilib


23:10     10 Dekabr 2015 1e06dd0b-3d33-49f4-bd5b-3884c4a42b94.jpg

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Saatlı, Sabirabad, Zaqatala, Lənkəran və Bərdə rayonlarının daha 13 kəndinə təbii qaz verilib.


Femida.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 13 kəndin 2 978 abonenti təbii qazla təmin olunub.

Sabirabad rayonunun Çiçəkli kəndinə ilk dəfə təbii qazın verilməsilə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 228 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu təxminən 22 km olan polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Zaqatala rayonunun 826 abonenti olan Car və Abaəli kəndlərinə də ilk dəfə təbii qaz verilib. Vurğulanıb ki, qazlaşdırma işləri zamanı ümumilikdə 69,5 km uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 826 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəranın daha 2 kəndinin ilk dəfə qazla təchiz edilməsi münasibətilə keçirilmiş mərasimdə bildirilib ki, ümumilikdə 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25,6 km uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Saatlı rayonunda keçirilmiş tədbirdə bildirilib ki, ümumilikdə 1 116 abonenti olan Seyidlər, Qaracalar, Gomuşçu, Varxan və Qaralar kəndlərinin qaz təchizatının bərpası məqsədilə təxminən 89,4 km uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Bundan başqa, Bərdə rayonunun ümumilikdə 319 abonenti olan Mirzəxan Qaraqoyunlu, Vəliuşaqlı və Kolayır kəndlərinə də təbii qazın verilişi bərpa olunub. Qeyd edilib ki, qazlaşdırma işlərində 22,7 km-dən artıq metal borulardan istifadə edilib, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

Açar sözlər:

Oxunub: 972