Yəmən üzrə beynəlxalq konfrans çağırılacaq


22:57     10 Dekabr 2015 312861.jpg

Körfəz Ərəb Dövlətləri Şurası (KƏDŞ) hərbi əməliyyatlar başa çatandan sonra Yəmən üzrə beynəlxalq konfransın çağırılması haqda qərar qəbul edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda KƏDŞ-in zirvə toplantısının yekunu ilə bağlı sənəddə bildirilib.


Toplantı dekabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçirilib.
"Yəmənə sabitlik və təhlükəsizlik qayıtdıqdan sonra ölkənin bərpası üzrə beynəlxalq konfrans keçirməyə çağırırıq", - bəyanatda vurğulanıb.

Sənəddə bildirilib ki, Yəməndə təhlükəsizlik və sabitlik qanuni seçilmiş hakimiyyətin başçılığı ilə həyata keçirilməlidir. Şura üzvləri bir müddət öncə bölgə dövlətlərinin irəli sürdüyü təşəbbüs əsasında Yəməndə münaqişənin dinc yolla həllinin tərəfdarı olduqlarını bildiriblər.

Səudiyyə Ərəbistanı kralı Salman Yəmən iqtisadiyyatının KƏDŞ-ə qoşulması proqramının hazırlanmasını təklif edib.

Qeyd edək ki, Yəməndə husi qiyamçıları prezident Abdrabbu Mansur Hadi hakimiyyətinə qarşı silahlı mübarizə aparır.

Açar sözlər:

Oxunub: 1056