Arvadını qısqanclıq zəminində qətlə yetirən şəxsin istintaqı başa çatıb


09:46     03 Sentyabr 2020 20_09_03_1599112034.jpg

Mingəçevirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Elnur İsayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Femida.az -IN məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 17-ə təyin edilib.

Qeyd edək ki, bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

E. İsayev Mingəçevir şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.

E. İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 931