Azərbaycan BMT-yə 3-cü Könüllü Milli Hesabatını təqdim edəcək


15:15     05 Sentyabr 2020 bmt.jpg

Azərbaycan BMT üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiq edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə ölkə prezidentinin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, o cümlədən bu təşəbbüsə qoşulan ölkələrdə DİM-lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə hər il BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim olunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal topla­yaraq 54-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su və enerji, davamlı şəhərlər və icmalar kimi DİM-lər üzrə irəliləyişlərə nail olub.

Bununla yanaşı, ölkəmiz YSSF-ya növbəti (3-cü) Könüllü Milli Hesabatın təqdim edilməsi barədə müraciət edib və Azərbaycan hesabat təqdim edəcək ölkələr siyahısına əlavə olunub.

İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və post-pandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilmiş tədbirlər, həmçinin əldə olunmuş nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1273