Bərdədə 84 yaşlı atasını öldürən şəxsin məhkəməsi başlayıb


19:13     05 Sentyabr 2020 20_09_05_1599316426.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində 84 yaşlı atasını qətlə yetirməkdə təqsirləndirilən Namiq Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Femida.az -ın məlumatına görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 11-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il martın 9-da Bərdədə qeydə alınıb.

Bərdə rayon sakini 1936-cı il təvəllüdlü Əkbər Mustafayevin köməksiz vəziyyətdə olarkən bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə Bərdə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin oğlu xroniki psixi xəstəlikdən əziyyət çəkən 1969-cu il təvəllüdlü Namiq Mustafayevin aralarında ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində yaşadıqları evdə aşkar surətdə köməksiz vəziyyətdə olmaqla yatmış atası Əkbər Mustafayevə bıçaq xəsarəti yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Namiq Mustafayev cinayət əməlini törədən zaman düçar olduğu xroniki psixi xəstəlikdən əziyyət çəkərək öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.

11 avqust 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, anlaqsız vəziyyətdə cinayət törətmiş Namiq Mustafayevin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 976