Bakıda narkotik satan qadın və onun tanışı tutuldu


13:55     08 Sentyabr 2020 20_09_08_1599560125.jpg


Binəqədi Rayon Polis İdarəsi (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı, həmçinin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Babayev və onun tanışı Anara Ağayeva saxlanılıblar. E.Babayevin üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın heroin və 1 qram psixotrop maddə metamfetamin aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq hər iki şəxsin birgə yaşadığı mənzilində aparılan axtarış zamanı E.Babayevdən 2 kq 460 qram heroin, A.Ağayevadan isə 940 qram metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər adı istintaqa məlum olmayan qonşu ölkələrdən birində yaşayan “Məhəmməd” adlı bir nəfərin tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitələri Sumqayıt şəhərində qəbul ediblər və satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1248