Ali məktəblərə qəbul şərtləri dəyişməyəcək - RƏSMİ


14:36     08 Sentyabr 2020 20_09_08_1599563253.jpg

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərinin necə müəyyən olunduğunu açıqlayıb.

DİM-dən Femida.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən müsabiqə şərtləri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir. Müsabiqə şərtləri bu il də Təhsil Nazirliyi ilə birgə müzakirə edilərək imtahanlardan öncə ictimaiyyətə təqdim olunub: "Hüquqi cəhətdən bu şərtlərin dəyişdirilməsi DİM-in səlahiyyətlərində deyil. Məsələnin aktuallığına gəldikdə isə aşağıdakıları bildirmək istərdik.

Müsabiqə vəziyyəti bir neçə amilə əsasən formalaşır: Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri, müsabiqədə iştirak edəcək abituriyentlərin sayı və onların topladıqları ballar. Plan yerlərinin sayı ötən illə müqayisədə demək olar ki, dəyişməyib (1% artıb).

Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirildi. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi 2020-ci ilin mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarıldı və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmadı. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldıldı.

Şübhəsiz, qeyd olunanlar abituriyentlərin imtahan nəticələrinə öz müsbət təsirini göstərmiş oldu və aşağıdakı cədvəldə göstərilən statistik rəqəmlər də bunu sübut edir. Burada 2019 və 2020-ci ildə hər bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayının müqayisəsi təqdim olunur. Cədvəldən də göründüyü kimi, ötən il və bu il imtahan iştirakçılarının sayı ilə müsabiqəyə buraxılanların nisbəti demək olar ki, eynidir".

Məlumatda qeyd olunub ki, imtahandan sonra müsabiqə şərtlərinin dəyişdirilməsi müsabiqə şərtlərini ödəyən digər abituriyentlərin hüquqlarına ziddir:

Bundan başqa, nəzərə alınmalıdır ki, ayrılan plan yerlərinin müsabiqəsində abituriyentlərlə yanaşı subbakalavrlar da iştirak edir. Beləliklə, hər ixtisas qrupu üzrə müsabiqəyə buraxılanların ümumi sayı aşağıdakı cədvəldə təqdim olunub:

"Belə ki, bəzi abituriyentlər ikinci mərhələ üzrə müsabiqə şərtinin aşağı salınmasını xahiş edirlər. Belə olan halda, müsabiqənin ümumi bala əsasən aparıldığına görə, həmin abituriyentlər ilkin müsabiqə şərtlərini ödəmiş, yəni hər iki mərhələ üzrə lazımi nəticə göstərmiş, lakin ümumi balı güzəşt olunan abituriyentlərdən bir qədər az olan abituriyentlərə nisbətən üstünlük qazanırlar.

Beləliklə, qeyd olunanlara əsaslanaraq bildiririk ki, bu il əvvəlcədən müəyyən olunmuş müsabiqə şərtlərinin dəyişdirilməsi üçün heç bir hüquqi və elmi əsas yoxdur".

Açar sözlər:

Oxunub: 1214