Azərbaycan dənizçilərinin sənədlərinin etibarlılıq müddəti uzadılacaq


14:27     09 Sentyabr 2020 20_09_09_1599647293.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Azərbaycan dənizçilərinin şəxsiyyət vəsiqələrinin və sertifikatlarının etibarlılıq müddətini bu ilin sonuna qədər uzadacaq.


Bu barədə Femida.az-a Agentlikdən məlumat verilib.

Xatırladaq ki, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddəti ilkin mərhələdə 1 iyul 2020-ci il, daha sonra isə 1 oktyabr 2020-ci il tarixədək artırılmışdı.

Artıq Agentlik yeni koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsi üzrə fəsadların qarşısının alınmasına dair planlar barədə Beynəlxalq Dəniz Təşkilatına, Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, Dövlət Liman Nəzarəti və Bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildiriş göndərib.

Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı bəzi mühüm addımların atılması zərurətini yaradıb.

Dövlət Dəniz Agentliyi Azərbaycan və xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinın çalışdığını nəzərə alıb, dənizçilərin etibarlılıq müddəti bitmiş - “Dənizçinin Şəxsiyyət Sənədi”, sertifikatların (diplomların) etibarlılıq müddətini aşağıdakı tələblərə riayət olunmaqla 31 dekabr 2020-ci il tarixə qədər uzadacaq.

Qeyd edək ki, gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını elektron şəkildə təqdim etməlidir:

- Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub,

- Mövcud şərtlərə əsasən liman və ya miqrasiya qurumundan gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş,

- Əmək müqaviləsinin surəti.

Femida.az

Açar sözlər:

Oxunub: 836