Azərbaycanda auditlərin operativ monitorinqi həyata keçiriləcək


20:20     11 Sentyabr 2020 20_09_11_1599844887.jpg


Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabətin və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidmətinin göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir və həmin neqativ hallara qarşı mübarizəni qanunvericilik çərçivəsində davam etdirmək əzmindədir.

Palatanın mətbuat xidmətindən Femida.az-a bildirilib ki, bir sıra auditorlar tərəfindən istər maliyyə hesabatlarının auditi, istərsə də digər əlaqəli xidmətlər göstərilən zaman ölkə qanunvericiliyinin, beynəlxalq audit standartlarının, Auditorların Peşə Etika Məcəlləsinin, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) mövcud normativ sənədlərinin tələblərinə riayət edilməməsi səbəbindən göstərilən auditor xidmətinin keyfiyyəti aşağı olur. Bunun nəticəsində müvafiq dövlət qurumlarından, iş adamlarından və Auditorlar Palatasının üzvlərindən daxil olan müraciətlər son dövrlərdə artıb.

Bütün bu neqativ halların qarşısının alınması və palata üzvlərinin də dəfələrlə quruma müraciətlərini nəzərə alaraq, Auditorlar Palatası Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə tərəfindən “Auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Qaydalar”a təklif olunan dəyişikliklərə müvafiq olaraq, auditor təşkilatları və sərbəst auditorların apardıqları auditlərin operativ monitorinqinin həyata keçirilməsi məqsədilə palatada yaradılmış komissiya tərəfindən püşkatma keçirilib. Monitorinqin nəticələrinə uyğun olaraq, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılmış auditin nəticələri qiymətləndirilərək yeni qaydalarda nəzərdə tutulmuş dörd təsnifat qrupdan birinə aid ediləcək.

Qaydalara uyğun olaraq, monitorinqin nəticələrinə əsasən keyfiyyət göstəriciləri aşağı olan auditor təşkilatlarına və sərbəst auditorlara auditor xidməti göstərməsinə dair müəyyən məhdudiyyətlər tətbiq ediləcək.

Femida.az

Açar sözlər: #audit  

Oxunub: 640