20 ildir işlətdiyi obyekti əlindən almağa çalışırlar - Sahibkar Ali Məhkəməyə müraciət etdi


10:33     17 Sentyabr 2020 2020/09/serdar_1600325426.jpg


Fərdi sahibkar üç ilə yaxındır ki, məhkəmə instansiyalarında 20 ildir işlətdiyi təmir sexinin əlindən alınması təhlükəsi ilə üz-üzə qalıb.

Femida.az xəbər verir ki, sahibkar Qafarov Sərdar Qafar oğlu hüquqlarının pozulduğunu iddia edərək, Suraxanı rayonunda yerləşən və ona məxsus obyektin qohumları tərəfindən onun maddi, mənəvi gücsüzlüyündən istifadə etməklə əlindən alınmağa çalışdıqlarını bildirib:

“1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Zavodunun yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi almışam. Həmin ərəfədə qohumum da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü almışdı. 20 il keçdikdən sonra mənim 100 kv. metrlik ərazidə tikdiyim avtomobil təmiri sexinin gəlir gətirdiyini görən qohumlarım əvvəlcə obyektin onlara satılmasını dəfələrlə tələb etdilər. Mənim razılaşmadığımı gördükdə isə obyektin onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət etdilər. Lakin təqdim etdikləri sənəddə dəqiq ünvan və torpağın ərazisi göstərilməyib. Sadəcə ərazinin Balıq Zavodunun yaxınlığında olduğu qeyd edilib.

Mənim obyektim ilə zavod arasında 40 metrdən çox məsafə, eləcə də zavodun dörd tərəfində bir çox boş ərazi olub. Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən də verilmiş bir sıra sorğularda da qeyd edilib ki, kioskun və onun yerləşdiyi ərazinin yerini müəyyən etmək mümkün deyil. Bundan başqa obyektin kommunal xidmətləri hamısı mənim atamın adınadır və 20 ildir xidmətlərdən istifadəyə görə ödənişi biz edirik. Bununla belə Suraxanı rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ekspertiza aparmadan, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq, ərazinin mənim qohumlarıma məxsus olduğuna dair qərar çıxarıb.

Fərdi sahibkar kimi qərarlarla razılaşmadığım üçün Ali Məhkəməyə müraciət etdim. Ali Məhkəmə isə işə düzgün baxılmadığını, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı təqdim etdiyi sübutların mötəbər olmadığını, apellyasiya məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilmədiyini, şahid ifadələrinə müraciət edilmədiyini və digər səbəbləri əsas gətirərək apellyasiya məhkəməsinin qərarını ləğv etdi və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardı.

Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnamə ilə nəinki Ali Məhkəmənin göstərişlərinə formal əməl edilmiş, yalançı şahidlərin ifadələrinə qiymət verilmiş, bununla bağlı təqdim edilən sübutlar qiymətləndirilməmiş, obyektə formal baxış keçirilmiş, həmçinin, absurd nəticəyə gələrək mübahisəli obyekti iddiaçı ilə cavabdeh arasında ikiyə bölmüşdür. Bir sözlə Apellyasiya Məhkəməsi iddiaçını narazı salmamaq üçün sahibkara aid obyektin bir hissəsini iddiaçıya verilməsinə qərar verdi.

Sahibkar olaraq üç ilə yaxındır ki, məhkəmələrdə sürünməyimə baxmayaraq bir daha Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət verdim və yaxın günlərdə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov tərəfindən bu işə baxılacaq.

Mən ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də işə baxan hakim Elşanə Vəliyevaya təşəkkür edirəm. Belə ki, Ali Məhkəmənin ədalətli mövqeyi olmasaydı, mən artıq hüquqlarımı itirmişdim. Sentyabrın 22-də təkrar Ali Məhkəmədə baş tutuacaq iclasda da işə obyektiv baxılacağına ümid edirəm. İnanıram ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyevin qərəzli və hüquqa zidd qərarı ləğv ediləcək.

Xüsusi vurğulamaq istəyirəm ki, bu cür hallar insanın iş fəaliyyətindən ayırır, mənfi təsir göstərir. Mən bir sahibkar kimi çoxlu stress və həyəcan yaşayıram, həmçinin üç ilə yaxındır ki, fəliyyətimi normal davam etdirə bilmirəm. Mütəmadi olaraq iddiaçı və onun qoçuları tərəfində sıxışdırılır, obyektimin əlimdən alınacağı təhdidləri ilə yaşayıram. 20 ildir işlətdiyim, evimə qazanc apardığım iş yerimi ədalətsizlik ucbatından itirmək təhlükəsi ilə üz-üzəyəm.

Ölkə başçısı Cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut olmadan, dəlil olmadan, 20 ildir işlətdiyim, çörək yerim olan obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq".

Femida.az

Açar sözlər: #sahibkar   #məhkəmə   #qanun   #hüquq   #aliməhkəmə   #apellyasiya   #ədliyyə  

Oxunub: 439