Turizm Agentliyi: Regionlara axın olacaq


11:46     17 Sentyabr 2020 20_09_17_1600329534.jpg


Sentyabr 8-də rayonlara gediş-gəliş açılandan sonra faktiki olaraq Azərbaycanda daxili turizm bərpa olunub. Yay mövsümü 15 iyun-15 sentyabr tarixləri üçün hesablanıb. Vətəndaşlarımız yay mövsümünün son bir həftəsindən bəhrələnə bildilər.

Bunu Azvision.az -a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, keçən həftə regionlarda otellərə sifarişlərin sayı artıb.

“Dəqiq rəqəmlər ayın yekunlarına olan statistikadan bəlli olacaq. Amma ümumi mənzərə, müşahidələrimiz, monitoriqlərimiz göstərir ki, insanlar uzun müddət həsrətdə olduqları səyahət və istirahəti intensiv olaraq həyata keçirməyə başlayıblar. Əlbəttə, indi fərqli durumdur. Payız mövsümü başlayıb, bundan sonra qış mövsümü başlayacaq. Düşünürük ki, bu dövrdə də daxili turizm vətəndaşlar üçün fərqli şəraitdə keçəcək. Rəqəmlərdə artım gözləyirik. Turizm sahəsi ən çox ziyan çəkmiş sahələrdən biridir. Bu da sənaye subyektlərinin ziyandan geri dönüşünün hansısa bir hissəsini ödəyəcək”.

K.Quluzadə bildirib ki, qiymətlərdə fürsətcil yanaşma müşahidə edilməyib: “Qiymət artımı regional otellərdə müşahidə olmayıb. Həftsəsonu müəyyən otellər ola bilsin ki, qiymət fərqi göstəriblər. Amma ümumi mənzərə odur ki, qiymətlərdə sıçrayışla artım olmadı. “Macəra yaxındır” platformasında müəyyən otel və şirkətlər könüllü qoşulub, birləşərək müxtəlif büdcəli istirahət və səyahət imkanları təqdim ediblər ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini edə bilsin. Bundan əlavə, avqustun 24-dən fəaliyyətdə olan otellərdə Dövlət Turizm Agentliyi və digər qurumlar tərəfindən 174 xidmət üzrə həftədə 2 dəfə olmaq şərti ilə 10 zonada monitorinqlər həyata keçirilir. Monitorinq Bakı və regionlar daxil olmaqla 229 oteli əhatə edib. Hazırda fəaliyyətdə olan 150 otel var və bu gün həmin otellərdə koronavirusla bağlı problem müşahidə olunmayıb. Onlara SAHMAN nişanı verilir”.

DTA sözçüsü bildirib ki, turistlərin axını ənənəvi turistik dəhlizlər üzrə olub: “Bakıdan Şimal, Şimal-Qərb, Qərb və Cənub istiqamətinə turist axını olub. Tədris ilinin başlanması turizmi ləngidir. Düşünürük ki, təlabat çox olduğu üçün həftəsonları regionlara axın yüksək olacaq.

İl ərzində turizm sektorunun bütün subyektləri ziyan çəkib. Daxili turizmin açılışı imkan verəcək ki, xalis zərərdən geri qayıdış olsun. Düşünürük ki, bu, nəfəs almaq üçün bir imkandır ki, otellərin likvidliyi müəyyən dərəcədə təmin olunsun. Turizm sənayesi subyektlərinə dövlət tərəfindən yardım edilir və bu yardım davam edir. Xüsusi proqramlar hazırlanır, məsləhətləşmələr aparılır, postpandemiya dövründə turizmə dövlət tərəfindən dəstək formaları, mexanizmləri araşdırılır. İndi postpandemiya dövründə Azərbaycanın rəqabət qabiliyyətliliyini artırmaqla məşğuluq. Burada söhbət peşə səviyyəsinin artırılmasından, yeni turizm məhsullarının hazırlanmasından gedir. Bu günlərdə Azərbaycan Turizm Bürosu Azərbaycana gəlmə turizmlə məşğul olan şirkətlər üçün layihələr proqramı elan edib. Sərhədlər açılandan sonra rəqabət fərqli şəkildə keçəcək və ciddi şəkildə olacaq. Turizm başqa şərtlərlə bərpa olunmağa və inkişaf etməyə başlayacaq. Hazırda düşündüyümüz məsələ daxili turizmdə qapanma olmamasıdır. Əhalimizə, subyektlərə də çağırış edirik ki, qaydalara əməl edək, yenidən qapanma olmasın, inzibati sərhədlər bağlanmasın. İkinci məsələ, digər dövlət qurumları ilə sərhədlərin açılmasını, getmə və gəlmə turizmin perspektivləri üzərində düşünürük, təcrübələr öyrənilir".

Femida.az

Açar sözlər: #turizm  

Oxunub: 511