"Yol qəzalarının 59 faizini piyadaların vurulması təşkil edir" - Vaqif Əsədov


22:00     17 Sentyabr 2020 20_09_17_1600368970.jpg


İlin əvvəlindən bu günə kimi Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin 59 faizini piyadaların avtomobillərlə vurulması təşkil edir.

Femida.az xəbər verir ki. bunu açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

“Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqcıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığına əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur”.

V.Əsədov “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa cərimə olunurlar:
“Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir”.

Şöbə rəisi onu da əlavə edib ki, piyadaların vurulması ilə bağlı hadisələri təhlil etdikdə aydın olur ki, əsasən piyada keçidlərinin yaxınlığında bu cür hallar daha çoxdur:

“Ən çox piyadaların vurulması hadisəsi yeraltı və yerüstü keçidlərin yaxınlığında qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə isə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir”.

V.Əsədov sürücülərə də müraciət edərək bildirib ki, onlar xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

“Eyni zamanda piyadalar da keçidlərdən istifadə etməlidirlər. Xatırladım ki, Bakı şəhər üzrə 80-dən artıq yeraltı və yerüstü piyada keçidi var. Hesab edirik ki, hər kəs öz təhlükəsizliyini qorumalıdır. Hadisələrə nəzər saldıqda aydın olur ki, həm piyada səhlənkarlığı, həm də sürücü diqqətsizliyi qəzalara səbəb olur.

Düşünürük ki, hər kəs öz məsuliyyətini dərk edəcək. Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa çağırırıq”.

Femida.az

Açar sözlər: #yhq   #polis   #dyp   #yol   #piyada   #VaqifƏsədov  

Oxunub: 627