"Ali təhsil dövrü staj kimi qəbul edilir" - DSMF rəsmisi


14:03     21 Sentyabr 2020 DSMF_26.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə ali təhsil dövrü artıq staj kimi qəbul edilir. Əvvəlki dövrlərdə bu, yox idi.


Femida.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, bu yenilik vətəndaşların pensiyalarının artımına bir dəstəkdir.

A.Məcidov əlavə edib ki, avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçirilən şəxslər onlara təyin edilən pensiyanın mələğindən narazı qaldıqları halda DSMF-nin yerli şöbələrinə və ya DOST Mərkəzinə müraciət edə bilərlər. Bu halda vətəndaş üçün əsas sənəd əmək kitabçasının surəti olacaq. Vətəndaş əmək kitabçasının surətini təqdim etdiyi halda onun pensiyasının məbləğinə yenidən baxılacaq:

“Əgər müraciət edən kişidirsə, onun hərbi xidmətdə olduğu müddət də staj kimi qəbul edilir. Eyni zamanda vətəndaş diplomu da tədim etməklə ümumi stajını yenidən hesablatdıra bilər".

A.Məcidov qeyd edib ki, 2006-cı ilədək vətəndaşların təhsil müddəti staj kimi qəbul edilirdi. Buna görə də 2006-cı ilədək pensiyaya çıxanlar üçün də təhsil müddəti staj kimi qəbul edilib. 2006-cı ildən sonra isə hazırkı “Əmək pensiyası” haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar sığorta stajı yeni qaydalarla müəyyən edildi və nəticədə təhsil müddəti staj kimi nəzərə alınmadı. Lakin sonradan aparılan islahatlar nəticəsində artıq təhsil dövrü staj kimi qəbul edildi. Buna görə də 2006-cı ildən sonrakı müddətdə əmək pensiyası hüququ əldə edən vətəndaşların təyinat zamanı stajı nəzərə alınmayıbsa, onların pensiya məbləğinin yenidən hesablanması üçün müraciət etmək hüququ var”.

Femida.az

Açar sözlər:

Oxunub: 1020