Dövlət Agentliyi Lənkəranda Destinasiya Menecmenti Təşkilatını təqdim etdi


16:44     22 Sentyabr 2020 20_09_22_1600775087.jpg


Bu gün Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Lənkəran Destinasiya Menecmenti Təşkilatının ictimaiyyətə təqdimetmə mərasimi keçirilib.

Femida.az bu barədə DTA-ya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə Agentliyin sədri Fuad Nağıyev regionlarda turizmin inkişaf etdirilməsinin qurumun əsas məqsədləri sırasında olduğunu və buna xüsusi önəm verildiyini bildirib.

Lənkəran, Astara, Lerik, Masallı kimi rayonların Azərbaycanın ən səfalı turistik yerlərindən biri sayıldığını və turistlərin ən çox üz tutduğu istiqamətlərdən olduğunu qeyd edən Agentlik sədri ölkə üzrə turizmin proporsional inkişafında cənub bölgəsinin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıb. O deyib ki, bu səbəbdən 3-cü Destinasiya Menecmenti Təşkilatının Lənkəranda yaradılması heç də təsadüfi deyil.

ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid bu növ idarəetmə modeli ilə fəaliyyət göstərən təşkilatların yerli səviyyədə dövlət, özəl sektor və əhali arasında əlaqələrin qurulmasına, eləcə də insan resurslarının inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.

Tədbirdə həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak edib.

Açılış mərasimi pandemiya dövrünün tələblərinə uyğun olaraq, sanitar-gigiyenik normalar və sosial məsafə gözlənilməklə həyata keçirilib.

Destinasiya Menecmenti Təşkilatları regionların turizm potensialını daha effektiv istifadə etmək, regional turizmin təbliğatını aparmaq, bununla da uzunmüddətli davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə yeni idarəetmə modeli olaraq fəaliyyət göstərir. Hazırda Lənkəranla yanaşı, Şəkidə və Qubada da bu cür təşkilatlar mövcuddur.







Femida.az

Açar sözlər: #DTA   #turizm   #lənkəran  

Oxunub: 248