Baş prokuror ictimai köməkçilərlə görüşdü - VİDEO


16:42     24 Sentyabr 2020 20_09_24_1600951441.jpg


Sentyabrın 24-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən prokurorluğun ictimai köməkçiləri ilə görüş keçirilib.


Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan Baş prokuror Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atıldığını qeyd edib, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradıldığını vurğulayıb.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyətin prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıdığını qeyd edən Baş prokuror ölkəmizdə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə gənc kadrların müsabiqə yolu ilə işə qəbulu nəticəsində prokurorluğun kadr tərkibinin 70 faizinin məhz gənclərin hesabına formalaşdırıldığını nəzərə çatdırıb.