Qismən səfərbərlikdə kimlər orduya çağırılır? - QANUN


13:05     28 Sentyabr 2020 20_09_28_1601284081.jpg


Bu gün Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalandı.


“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir.

Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.

Səfərbərlik elan olunarkən hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla bu Qanunun IV fəslində müəyyən edilmiş möhlətin və çağırışdan azadetmənin tətbiqi dayandırılır.

Səfərbərlik üzrə çağırılmalı olan hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi, müharibə dövründə sonrakı çağırışlar zamanı hərbi vəzifəlilərin sayını isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

Müharibə dövründə səfərbərlik elan edilərkən və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək hərbi vəzifəlilər və çağırışçılar, hərbi uçotda olmayan 18 yaşından 45 yaşınadək qadınlar hərbi xidmətə çağırıla bilər.

Müharibə dövründə səfərbərlik üzrə və sonrakı çağırışlar üzrə hərbi xidmətə vətəndaşları hərbi komissarlıqlar çağırırlar. Hərbi komissarlıqları kənarda qoyaraq vətəndaşları hərbi xidmətə daxil etmək qadağandır.

Səfərbərlik elan edilərkən respublika iqtisadiyyatını plana-uyğun surətdə müharibə dövründə iş şəraitinə keçirmək və nazirliklərin, baş idarələrin, müəssisələrin, idarələrin fasiləsiz işini təmin etmək məqsədilə orada işləyən hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışına və müharibə dövründə sonrakı çağırışlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada möhlət verilə bilər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib ki, Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib və sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin:

"Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq.

"Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir. Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqaları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.

R.Məmmədli bildirib ki, hazırda Azərbaycanda genişmiqyaslı səfərbərliyə çağırılma ilə bağlı qərar yoxdur.

Femida.az

Açar sözlər: #səfərbərlik   #ordu   #cəbhə   #Qarabağ   #müdafiə  

Oxunub: 2305