Ombudsman xəbərdarlıq etmədən Psixonevroloji Mərkəzə baş çəkib


15:39     28 Sentyabr 2020 20_09_28_1601294502.jpg


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin Quba Rayonlararası Psixonevroloji Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən plan üzrə başçəkmə həyata keçirilib.


Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin qiymətləndirilməsi, habelə pasiyentlərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında keçirilən başçəkmə zamanı ümumi əraziyə, şöbələrə, palatalara baxış keçirilib.

Başçəkmə çərçivəsində bir sıra pasiyentlərlə konfidensial söhbət aparılıb. Eyni zamanda bəzi pasiyentlərin xəstəxanaya yerləşdirilməsi əsasları və müvafiq sənədləşdirmə araşdırılıb.

Başçəkmənin sonunda milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri” əsasında müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, pasiyentlərin hüquqlarının təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 385