Ombudsman Gəncə və digər şəhərlərin atəşə tutulması ilə bağlı bəyanat yayıb


20:30     04 Oktyabr 2020 20_10_04_1601827296.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhəri və digər ərazilərini atəşə tutması nəticəsində baş vermiş insan tələfatı və törədilmiş dağıntılarla bağlı növbəti etiraz bəyanatı yayıb.

Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, beynəlxalq ictimaiyyətə məlumdur ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi və beynəlxalq hüquq normaları növbəti dəfə kobud şəkildə pozularaq mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və sosial obyektlər ağır artilleriya qurğularından, aviasiyadan və xüsusi raket sistemlərindən istifadə edilməklə intensiv şəkildə atəşə tutulur.

Qeyd olunub ki, cinayətkar əməllərini davam etdirən Ermənistan silahlı qüvvələri 04.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq münaqişə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik, çoxsaylı mədəniyyət obyektləri olan, turizm mərkəzi və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə raketlər atmaqla ağır artilleriya atəşinə tutub: “Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Beyləqan və Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcəbədi, Cəbrayıl, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutub. Nəticədə dinc əhali arasında çoxsaylı ölən və yaralananlar olmuş, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara və digər sosial obyektlərə ciddi ziyan dəyib. Halbuki, beynəlxalq humanitar hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin, hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir. Xüsusi raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan dövləti isə BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il 14 may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini, müharibə cinayətlərini davam etdirir”.

Bəyanatda təcavüzkar Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin qarşısının alınması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi tədbirlərin görülməməsi nəticəsində işğalçı dövlət daha da azğınlaşır, münaqişə zonasını bilərəkdən genişləndirir və insanlıq əleyhinə yeni cinayət əməlləri törətməkdə davam etdiyi vurğulanıb: “Təcili olaraq dünya ictimaiyyətini beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən müharibə cinayətlərini törətməkdə davam edən işğalçı Ermənistan dövlətindən mülki əhalinin həyat və sağlamlığına, mülkiyyətinə qəsd edilməsinə, beləliklə də insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına səbəb olan cinayətkar əməllərdən çəkinməklə işğala son qoymasını tələb etməyə və beynəlxalq hüquqi məsuliyyət müəyyən edən qətiyyətli addımlar atmağa çağırırıq”.

Açar sözlər:

Oxunub: 529