İlin sonuna qədər BTQ-ilə 20 min ton yük göndərilməsi gözlənilir


15:05     07 Oktyabr 2020 2020/10/5fe865ff-fabe-3bdf-8f7d-6a0bfe670539_850_1602068838.jpg

"Son üç il ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttilə ümumi həcmi 650 min ton olan 8 min vaqon nəql edilib”.

Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət dəmir yolu operatorunun törəmə şirkəti "TCDD Taşımacılık AŞ"ın baş direktoru Kamran Yazıcı İstanbulda keçirilən 5-ci İqtisadiyyat və Logistika Sammitində deyib.

K.Yazıcı vurğulayıb ki, bu ilin sonuna qədər BTQ vasitəsilə 500 min konteynerlə 20 min ton yük göndərilməsi gözlənilir.

Onun sözlərinə görə, Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər bir yol” layihəsi Çindən Avropaya qədər uzanır və BTQ dəmir yolu xətti bu koridorun mərkəzində yerləşir, əsasını təşkil edir: “BTQ dəmir yolu xəttində illik 3,2 milyon ton, uzunmüddətli dövrdə 6,5 milyon ton yük daşınması ilə bağlı qarşıya məqsəd qoyulub. İki qitə arasında fasiləsiz dəmir yolu bağlantısı təmin edən yük qatarları Marmaradan keçməklə həm Türkiyə, həm də beynəlxalq dəmir yolu daşımalarında mühüm hissəsi hesab olunur”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 502