Naxçıvanda həkimlər işə testlə qəbul olunacaqlar


16:05     09 Oktyabr 2020 naxcivanseher_1504764282.jpg

Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması qaydaları təsdiq edilib.

APA-nın məlumatına görə, Qaydalar tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin (tibb işçiləri) Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrinə mərkəzləşdirilmiş qaydada işə qəbulu və sertifikasiyasının aparılması qaydalarını müəyyən edir.

Qaydalarda bildirilir ki, tibb işçilərinin işə qəbulu və sertifikasiyası onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, səhiyyə müəssislərində işləməyə layiqli olmasının müəyyən edilməsi məqsədi ilə obyektivlik və şəffaflıq prinsipləri əsasında həyata keçiriləcək. Tibb işçilərinin işə qəbulu və sertifikasiyası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən test imtahanı formasında və kompüter vasitəsilə keçiriləcək.

Tibb işçilərinin işə qəbulu qaydaları səhiyyə müəssisələrinin rəhbərləri və onların müavinlərinə, müəssisələrin struktur bölmələrinin rəhbərlərinə və dövlət proqramı ilə xaricdə təhsil almış şəxslərə şamil edilməyəcək. Səhiyyə müəssisələrində tibb ixtisasları üzrə vakant vəzifələr yarandığı halda vakansiya kvotası barədə məlumatlar Nazirlik tərəfindən Komissiyaya təqdim edilir. Vakansiya kvotası yetərli sayıldıqda Komissiya tərəfindən müsabiqə elan ediləcək. İmtahan sualları test və klinik tapşırıq hissələrinə bölünür və konfidensiallıq gözlənilməklə, üç mürəkkəblik dərəcəsi üzrə tərtib ediləcək. Sualların mürəkkəblik dərəcəsi Komissiya tərəfindən müəyyən ediləcək. İmtahan suallarının test və klinik tapşırıq hissələri üzrə toplanılan ballar ümumiləşdirilərək yekun bal çıxarılacaq.

İmtahanın nəticəsindən narazı qalan namizəd bu barədə nəticənin elan olunduğu vaxtdan 5 iş günü müddətində Komissiyaya apelyasiya şikayəti verə biləcək. Şikayətə namizədin, Nazirliyin və Komissiyanın səlahiyyətli nümayəndələrinin, o cümlədən müstəqil ekspertlərin iştirakı ilə baxılacaq.

Müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı vakant vəzifələr üzrə təyinat aparılması üçün müsabiqə başa çatdıqdan sonra 3 iş günü ərzində Nazirliyə göndəriləcək. Namizədlər arasında daha yüksək bal toplamış şəxs vakant vəzifəyə təyin ediləcək.

Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədi ilə onlar 5 ildə bir dəfə sertifikasiyaya cəlb ediləcəklər. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilməyəcəklər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçməyəcəklər.

Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 5 üzvdən ibarət Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şurası yaradılacaq. Sertifikasiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənəcək. Sertifikasiya Şurasına Naxçıvan Muxtar Respublikəcək. Sertifikasiya Şurasının üzvləri ictimai əsaslarla fəaliyyət göstərəcəklər.

Tibb işçilərinin işə qəbulu və sertifikasiyası ilə əlaqədar bu Qaydalara riayət edilməməsinə görə Nazirliyin və Komissiyanın vəzifəli şəxsləri, müəssisələrin rəhbərləri, habelə müstəqil ekspertlər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 687