Düşmənin Mingəçevirə atdığı raketlər HHM qüvvələri tərəfindən zərərsizləşdirilib


08:30     11 Oktyabr 2020 2020/10/a8bc06c7-0d00-3f6f-9940-162333a38d8b_850_3204781390.jpg

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir.

Femida.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.

Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 623