İlham Əliyev: “Biz o torpaqları cənnətə çevirməliyik”


19:24     12 Oktyabr 2020 20_10_12_1602518722.jpg


“Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək”.


Femida.az xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Görün, indi Ağdam, Füzuli nə gündədir?! Bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təqribən 8 aya qurduq. O kənd ki, biz 2016-cı ildə işğaldan azad etdik, 6-7-8 aya artıq oranı biz inşa etdik və indi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bir də ki, kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi o kənd dirçəlib. Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”, - Prezident bildirib.

Ölkə başçısı məcburi köçkünlərin problemlərinin onun üçün böyük önəm daşıdığını da vurğulayıb:

“Bizim məcburi köçkünlərimiz bilirlər ki, mənim üçün, Prezident üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il biz 7 min ailəyə yeni mənzillər veririk. Təqribən 35 min insan bir il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Hər ay dövlət onların hər birinə müavinət verir. Ona görə, təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Mənim onlarla keçirdiyim görüşlərdə onlar hər zaman təşəkkürlərini bildirirlər və deyirlər ki, burada hər şey yaxşıdır, biz bu yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi ora qaytarın, biz oraya getmək istəyirik və gedəcəklər.

Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”.

Femida.az

Açar sözlər: #İlhamƏliyev   #Qarabağ  

Oxunub: 280