Türkiyədə çalışan 50 azərbaycanlı tibb mütəxəssisi ölkəyə qayıtdı - Əsgərlər üçün


12:53     13 Oktyabr 2020 2020/10/tebib_131020_4_1602579235.jpg

Türkiyə Respublikasında fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin təşəbbüsü və Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə çalışan və təhsil alan 50 nəfərə qədər Azərbaycanlı tibb mütəxəssisi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi naminə gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə prosesində könüllü tibbi xidmət göstərmək məqsədilə ölkəmizə gəlib.


TƏBİB-dən Femida.az-a verilən məlumata görə, bundan başqa, mütəxəssislər özləri ilə müxtəlif tibbi vasitələr gətirmiş və ləvazimatları TƏBİB-ə təhvil veriblər.

12 oktyabr 2020-ci ildə TƏBİB İdarə Heyətinin sədri və məsul əməkdaşları həkimlərlə görüşmüş, onları Vətəndə görməkdən məmnunluqlarını ifadə ediblər.

İdarə Heyətinin sədri Ramin Bayramlı çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan ordusunun qazandığı qələbələr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilmədiyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu bir daha sübuta yetirdi: "Bu tarixi qələbə yalnız ölkəmizin vətəndaşlarını deyil, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizi səmimi qəlbdən sevindirir. Təsadüfi deyil ki, Türkiyədə yaşayan həkimlərimiz də öz bilik və bacarıqları ilə Vətən müharibəsində yaralanan əsgərlərimizin sağlamlıqlarına qovuşmaları üçün əzmlə çalışacaqlar".

R.Bayramlı eyni zamanda vurğulayıb: "Azərbaycanda tibbi personalın kifayət qədər olmasına baxmayaraq, sizin bu gün Vətəndə olmaq istəyiniz bizi qürurlandırıbdı və bu nəcib təşəbbüsə görə hər birinizə dərin minnətdarlığımızı bildiririk”

Sonda Türkiyədə çalışan azərbaycanlı həkimlər bu mübarizədə əsgərlərimizin sağlamlıqlarını qorumağın onların mənəvi borcu olduqlarını bildiriblər, yaradılan şəraitə görə Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Mütəxəssislər TƏBİB-in tabeliyində olan müəssisələrdə xidmət göstərəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 447