"Təhsil haqqında" qanuna yeni anlayış daxil edilir


14:31     13 Oktyabr 2020 milli-meclis.jpg

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.


Femida.az xəbər verir ki, iclasın gündəliyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” birinci oxunuşda sənədlərin müzakirəsi daxil edilib.

Komitə sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı qeyd edib ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bildirib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri söyləyib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.

Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminologiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir “kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təstiq edilməsidir.”

Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 429