Səfirlər Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


19:59     13 Oktyabr 2020 2020/10/0d75db8e-5606-3782-8504-a7dae12cdd3e_850_1602604878.jpeg

Bu gün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Monteneqronun Rusiyaya yeni təyin edilmiş səfiri Milorad Şçepanoviçi onun xahişi ilə qəbul edib.


Azərbaycanın Rusiyadakı səfirliyindən Femida.az a verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın səfiri ona diplomatik işində müvəffəqiyyətlər arzulayıb və Rusiyada akkreditə edilmiş diplomatik korpusun duayeni qismində apardığı fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüş əsnasında Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin hazırkı durumu, onların daha da dərinləşdirilməsinin əhəmiyyəti və bunun üçün kifayət qədər potensialın mövcud olduğu vurğulanıb. Qeyd edilib ki, iki ölkənin beynəlxalq səviyyədə sıx əməkdaşlıq edərək bir-birinə lazımi dəstək göstərməsi əlaqələrin yüksələn xətlə inkişaf etməsindən xəbər verir.

P.Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq onun tarixi, hüquqi aspektləri və nəticələri, hal-hazırda isə ölkəmizin Dağlıq Qarabağ bölgəsində işğalçı dövləti sülhə vadar etmək üçün Ordumuzun keçirdiyi hərbi əməliyyatlar haqqında həmsöhbətini ətraflı məlumatlandırıb. Ermənistanın təxribatları, cəbhə bölgəsindən kənarda yerləşən şəhərlərdəki yaşayış məntəqələrinin və mülki şəxslərin ağır silahlardan atəşə tutulması barədə məlumatı qarşı tərəfin diqqətinə çatdırıb. Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi cinayətlər dinc əhali arasında xeyli sayda insan tələfatına səbəb olub.

Səfir qeyd edib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin mülki şəxsləri hədəfə alması və beləliklə də, humanitar hüququ kobud şəkildə pozması beynəlxalq məsuliyyət yaradır və dünya ictimaiyyəti tərəfindən qınanılmalıdır.

P.Bülbüloğlunun sözlərinə görə, bugünkü vəziyyət məhz Ermənistanın BMT TŞ-nin müvafiq qətnamələrinə, beynəlxalq regional təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərin tələblərinə, ATƏT-nin Minsk qrupu çərçivəsində on illərlə aparılan danışıqlar zamanı irəli sürülmüş təkliflərə və qrupa daxil olan həmsədr ölkələrinin status-kvonun qəbuledilməzliyi haqqında çağırışlarına məhəl qoymadığına, eləcə də işğalçı dövlətin hazırkı rəhbərliyinin məsuliyyətsizliyinə görə yaranıb.

M.Şçepanoviç qəbula və verilən məlumata görə təşəkkür edib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusilə vurğulayıb və əməkdaşlıq üçün hər zaman hazır olduğunu bildirib.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər:

Oxunub: 473