Prezidentin köməkçisi: "Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin"


11:50     14 Oktyabr 2020 2020/10/hikmet_1602662044.jpg

Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

"Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur. 11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılıb. SCUD tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir".

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün səhər radələrindən start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alınıb:

"Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilib. Ermənistanın müdafiə nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalıb".

Femida.az

Açar sözlər:

Oxunub: 345