Dövlət Miqrasiya Xidməti ölkədəki əcnəbilərə müraciət edib


10:47     15 Oktyabr 2020 miqrasiya1.jpg

Dövlət Miqrasiya Xidməti ölkəmizdə yaşayan, işləyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Femida.az həmin müraciəti təqdim edir:

"Əziz dostlar!

Bildiyiniz kimi, dünya dövlətlərinin pandemiya ilə mübarizə apardığı bir zamanda Azərbaycan Respublikası Ermənistanın ənənəvi işğalçılıq və təhrik siyasəti nəticəsində öz tarixinin mürəkkəb və bir o qədər də həlledici dövrünə qədəm qoymuşdur. Azərbaycan torpaqlarının 30 ilə yaxındır davam edən işğalı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe, eləcə də qarşı tərəfin regionda humanitar vəziyyətin gərginləşməsinə yönəlmiş təxribat xarakterli hücumları sülhün və ədalətin bərpası üçün Azərbaycanı adekvat cavab tədbirləri görməyə vadar etmişdir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası, mülki şəxslərin təhlükəsizliyinin, eləcə də məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasıdır.

Hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan Azərbaycan beynəlxalq ictimaiyyətin çağırışlarına cavab olaraq humanitar atəşkəsə razılıq vermişdir. Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan həmişə olduğu kimi götürdüyü öhdəlikləri pozaraq atəşkəs dövründə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə də daxil olmaqla, bir çox yaşayış məntəqələrində mülki əhaliyə yönəlmiş ağır artilleriya hücumlarını davam etdirmişdir. Nəticədə, ümumilikdə 43 dinc sakin həlak olmuş, 200-dən çox şəxs yaralanmışdır. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayət törətməkdə görür. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan mübarizəsini beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində və öz əzəli torpaqlarında aparır.

Əziz dostlar!

Sizin və mənşə ölkələrinizdə yaşayan ailə üzvləriniz, qohumlarınız, əzizlərinizin haqlı narahatlığını anlayışla qəbul edirik. Əmin ola bilərsiniz ki, Azərbaycanda təhlükəsizliyinizin təmin olunması və bundan sonra da ölkəmizdə sabitlik, sülh, əmin-amanlıq şəraitində yaşamanız üçün bütün tədbirlər davam etdiriləcəkdir.

Ölkəmizdə hərbi vəziyyət elan olduğu vaxtdan dəstək və həmrəylik məqsədilə Dövlət Miqrasiya Xidmətinə etdiyiniz müraciətləri yüksək qiymətləndirir, bu çətin və sınaq dolu günlərdə bizimlə olduğunuza, ölkəmizin haqq mübarizəsində yanımızda olduğunuzdan qürur duyuruq.

İnanırıq ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarında erməni işğalına son qoyulacaq, regionda sülh və ədalət bərqərar ediləcəkdir.

Qarabağ Azərbaycandır!"

Femida.az

Açar sözlər:

Oxunub: 461