Ərzaq təchizatçılarına verilən subsidiyanın müddəti artırılıb


14:35     15 Oktyabr 2020 20_10_15_1602760468.jpg

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərarına dəyişiklik edib.

Femida.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, dəyişikliyə əsasən, ərzaq təchizatçılarına kredit faizlərinə görə verilən subsidiyanın müddəti 6 aydan 12 aya uzadılıb və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsi 10%-dən 15%-ə qədər artırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi halları və qaydası müəyyən edilib.

Həmin Qaydanın 3.2-ci bəndində ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və 3.3-cü bəndində isə faiz subsidiyası kreditin faiz dərəcəsinin 10%-i miqdarında, faiz dərəcəsi 10%-dən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin artırılması barədə müvafiq Qərar qəbul edib.

Qəbul edilmiş bu Qərara əsasən ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin 6 aydan 12 aya uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin 10%-dən 15%-ə artırılması təmin ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 195