Ölkəmizə gələn əcnəbilərin sayı azalıb


12:29     16 Oktyabr 2020 2015-06-23-21-23-22big_turistie.jpg

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib”, - deyə komitədən bildirilib.

Gələnlərin 28,1%-i Rusiya, 24,9%-i Gürcüstan, 18,1%-i Türkiyə, 8,3%-i İran, 2,1%-i Ukrayna, 1,8%-i Hindistan, 1,7%-i Səudiyyə Ərəbistanı, 1,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1% olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1%-i Küveyt, 0,9%-i Böyük Britaniya, hər birindən 0,7% olmaqla Özbəkistan, İraq və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7%-ni kişilər, 21,3%-ni qadınlar təşkil edib.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69%-i dəmir yolu və avtomobil, 28,7%-i hava, 2,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 504