Azərbaycanda Müstəqillik Günüdür
00:03 18 Oktyabr 2020
Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
Femida.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il ötür.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan müstəqil, suveren ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Femida.az
Oxunub: 723
Oxşar xəbərlər
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- Azərbaycanda Müstəqillik Günüdür
- Vladimir Putin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
- Prezident “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” ilə bağlı dəyişiklikləri təsdiqləyib
- Azərbaycan XİN Polşanı Müstəqillik Günü münasibətilə təbrik edib
- İlham Əliyev Müstəqillik Günü haqqında yeni qanunu təsdiq edib
- 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir
- Azərbaycan XİN Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib
- Azərbaycanda Müstəqillik Günüdür
- "Ümid edirik, Azərbaycan vəkilləri heç vaxt müstəqilliklərini itirməyəcək" - Viktor Çaiçits